Gündəm
09:00, 09 May 2026
Bu gün — 10 may 2026-cı il — Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu tarix sadəcə təqvimdə qeyd olunan gün deyil. Bu tarix bütöv bir dövlətçilik məktəbinin, milli iradənin, siyasi müdrikliyin və xalqına sonsuz sədaqətin yaddaşa çevrilmiş təntənəsidir.
Heydər Əliyev adı Azərbaycan üçün təkcə siyasi tarix demək deyil. Bu ad çətin zamanlarda xalqını qoruyan iradənin, dövlətçiliyi dağılmaqdan xilas edən uzaqgörənliyin, milli kimliyi gələcəyə daşıyan düşüncənin simvoludur. O, böyük və mənalı ömrünü Azərbaycanın müstəqilliyinə, xalqın rifahına, milli birliyə və dövlətin möhkəmlənməsinə həsr etmiş nadir şəxsiyyətlərdən biri idi. Bu gün də onun yaratdığı dövlətçilik məktəbi yaşayır, inkişaf edir və öz bəhrəsini verir.
İnsan ömründə elə xatirələr olur ki, illərlə danışılmadan yaşayır. Çünki həmin xatirələrin çəkisi adi sözlərin çərçivəsinə sığmır. Mənim də Ulu Öndərlə bağlı belə bir xatirəm var. Daha doğrusu, ən yaxın ailə üzvlərimdən birinin mərhum Heydər Əliyevlə bağlı qeyri-adi, unudulmaz bir xatirəsi olub. Həmin illərdə o, Mərkəzi Komitənin katibi vəzifəsində çalışırdı. Mən isə çox kiçik olsam da, o hadisənin canlı şahidlərindən biri olmuşam.
Məni tanıyan hər kəs bilir ki, mən həmişə sözün düzünü danışmışam. Düzgünlüyün tərəfində olmuşam. Bildiyimi demişəm, bilmədiyim mövzuda isə susmağa üstünlük vermişəm. Bu səbəbdən həmin xatirəni illərlə içimdə yaşatmağımın səbəbi nə tərəddüd, nə də qorxu olub. Sadəcə, bəzi xatirələrin öz zamanı var. Çünki bu gün müxtəlif düşüncəli, özünə hörmət etməyən insanlar hər səmimi sözü şübhə ilə qarşılayır, həqiqəti belə şişirtmə hesab edib insanın peşəkar nüfuzuna kölgə salmağa çalışırlar. Açığı, bu məni heç vaxt narahat etməyib. Həqiqətin ən böyük gücü onun sübuta ehtiyac duymamasıdır.
İllər öncə, Ulu Öndər Prezident olduğu dövrdə bir neçə mühüm tədbirdə tələbə kimi iştirak etmişdim. Həmin vaxt içimdə böyük bir arzu vardı — o xatirəni birbaşa özünə danışmaq, illərdir yaddaşımda yaşayan həmin hadisəni onunla bölüşmək. Çünki o xatirə məhz Heydər Əliyevin insanlığına, sədaqətinə və böyüklüyünə söykənən bir hadisə idi.
Amma o zamanlar çox utancaq bir tələbə idim. Mən Ulu Öndərin qarşısında sadəcə bir dövlət başçısını görmürdüm. Mən onun simasında böyük bir şəxsiyyəti, xalqın taleyini çiyinlərində daşıyan iradəni görürdüm. Ona yaxınlaşmağa cəsarət etmirdim. Düşünürdüm ki, həyəcanımdan fikirlərimi düzgün ifadə edə bilmərəm, dilim dolaşar, özümü itirərəm. Bu, qorxudan deyil, böyük şəxsiyyətə duyulan ehtiramdan doğan bir hiss idi.
Sonralar isə öz-özümə bir qərar vermişdim. Düşünürdüm ki, əgər bir gün Qarabağ azad olunarsa, doğma Kəlbəcərim işğaldan qurtularsa, illərlə erməni tapdağı altında qalan anamın ruhu əsarətdən azad olarsa, o zaman bu xatirəni Ulu Öndərin layiqli davamçısı, qalib xalqın qalib lideri İlham Əliyev cənabları ilə şəxsən bölüşəcəyəm.
Bu gün artıq həmin günün gəldiyini düşünürəm.
Çünki Qarabağ azaddır. Kəlbəcər azaddır. İllərlə nisgilə çevrilən torpaqlar artıq Vətənin nəfəsini yaşayır. Bu Zəfər isə tarixə sadəcə hərbi qələbə kimi yox, milli ruhun qələbəsi kimi yazıldı.
İndi mənə elə gəlir ki, illərdir içimdə yaşatdığım o səssiz xatirə də artıq öz zamanını gözləyir. Bəlkə də Ulu Öndərin doğum günlərinin birində onun əziz xatirəsinə ehtiram olaraq həmin hadisəni xalqın qalib lideri ilə bölüşmək mənim üçün həm mənəvi borc, həm də böyük şərəf olar.
Qismət olarsa...