Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
BDYPİ-dən Zekainfo.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, aprelin 4-ü gündüzdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək fasilələrlə yağıntılı hava şəraitinin müşahidə olunacağı bildirilib.
Qeyd edilib ki, belə hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradır və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir.
BDYPİ sürücülərə tövsiyə edir ki, bu cür hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən çəkinlər və nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirsinlər.
Bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Piyadalara hərəkət zamanı diqqətli olmaq, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək və hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığına əmin olmaq tövsiyə olunur.
Sonda vurğulanıb ki, belə hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.