
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da innovativ multidissiplinar tədqiqatların genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu islahatlar yüksəkixtisaslı kadrların hazırlanması və dünyanın qabaqcıl elmi prioritetlərinə uyğun yeni elmi istiqamətlərin formalaşdırılmasını hədəf olaraq müəyyənləşdirmişdir. Bu istiqamətdə görülən işlər və əldə olunmuş nailiyyətlər qabaqcıl elmi məktəblərin nümayəndələrinin də diqqətini cəlb etməkdədir.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev “Folklorda metaforik düşüncənin psixoanalitik semantikası” mövzusunda hazırladığı dissertasiyanın ingilis dilindəki avtoreferatını ABŞ-ın Binghamton Universitetinin professoru, tanınmış folklorşünas Elizabet Tukerə təqdim edib. Professor Tuker təqdim olunan elmi xülasəni oxuduqdan sonra doktoranta dərin məmnuniyyət və yüksək təqdir hissi ilə məktub ünvanlayıb.
Professor Elizabet Tuker məktubunda bildirib: “Dissertasiyanızın ingiliscə xülasəsini indi oxudum və yanaşmanızın dərin erudisiya və düşüncə incəliyi məni çox təsirləndirdi. Metaforik düşüncənin psixoanalitik semantikası olduqca maraqlı bir mövzudur! Alan Dundesin tədqiqatlarına istinad etməyiniz də sevindirici haldır. Alan əsərinizlə son dərəcə maraqlanardı, kaş ki, onu oxuyacaq qədər uzun yaşaya biləydi.”
Professor E.Tuker, avtoreferatda yer alan “süd və bal axan məkan” ifadəsinin Bibliya ədəbiyyatındakı önəmini vurğulayaraq, semantikanın əhəmiyyətini xüsusi qeyd edib. O, tədqiqatda təqdim olunan nümunələrin uğurla seçildiyini və xüsusilə uyğur epik dastanında qurd obrazının Edipal fiqur kimi təhlilini bəyəndiyini vurğulayıb: “Süd və bal axan məkan” ifadəsi, doğrudan da, Bibliya ədəbiyyatında önəmli yer tutur. Mən də belə düşünürəm ki, semantika insanların çox zaman düşündüyündən qat-qat dərin və əhatəlidir. Təhlilinizdə təqdim etdiyiniz nümunələr çox yaxşı seçilmişdir. Xüsusilə də uyğur epik dastanında vəhşi heyvanın Edipal obraz kimi təhlilini çox bəyəndim. Bu mühüm nailiyyətiniz münasibətilə sizi təbrik edir və gələcək fəaliyyətinizdə uğur arzulayıram”.
Xatırladaq ki, Elizabet Tuker hazırda ABŞ-ın folklorşünaslıq sahəsində tanınmış alimlərindən biridir. O, Binghamton Universitetində (State University of New York at Binghamton – SUNY Binghamton) professor vəzifəsində çalışır. Alim uşaq folkloru, şəhər əfsanələri, memoratlar, xalq inanc sistemləri və virtual folklor kimi mövzuların tədqiqi istiqamətində ciddi elmi əsərlərin müəllifidir.