
Son illər AMEA-da aparılan genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birini ölkəmizdə humanitar və ictimai elmlərin prioritetlərinin dövlətin milli maraqlarına və dünyanın qabaqcıl elmi məktəblərinin intellektual çağırışlarına uyğunlaşdırılması istiqamətində görülən işlər təşkil edir.
Zekainfo.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə aparılan bu islahatlar nəticəsində müxtəlif elm sahələrində sosial-antropoloji elmi istiqamətin tədqiqat rakursu genişləndirilmiş, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına diqqət artırılmışdır. Dövlətin elm siyasətinə müvafiq olaraq həyata keçirilən bu islahatlar AMEA-da elmi göstəricilərin yüksəldilməsi ilə yanaşı, yüksəkixtisaslı kadr hazırlığı sahəsində nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına şərait yaratmışdır.
“Folklorda metaforik düşüncənin psixoanalitik semantikasi” mövzusunda elmlər doktoru dissertasiyası müdaifə etmiş AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Səfa Pənah oğlu Qarayevə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. Psixoanalitik folklorşünaslıq sahəsində müdafiə edilmiş ilk dissertasiya işi Səfa Qarayevin 10 ildən artıq müddətdə mütəmadi apardığı tədqiqatlar nəticəsində ortaya çıxmışdır.
Dissertasiya sosial-antropoloji elmi istiqamət kimi formalaşan psixoanalitik folklorşünaslığın nəzəri-metodoloji alətlər sistemindən, folklora proyeksiya hadisəsi kimi yanaşma üsulundan, insanın (kollektivin) mətndə aktuallaşan qeyri-şüuri arzularının semantik oxusuna imkan verən ekvivalentlik sistemindən istifadə edilərək hazırlanmışdır.
Dissertasiyada psixoanalitik metod folklorun kollektivlik, ənənəvilik və variantlılıq xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilmişdir. Aparılan təhlillərdə müəyyən edilmişdir ki, mərasimlər, dastanlar, nağıllar, lətifələr, inanclar və ayrı-ayrı folklorik obraz, motiv və davranışlar yalnız şüurlu cəmiyyət ideyalarının ifadəçisi deyil, onlar həmçinin cəmiyyətin açıq müzakirəyə çıxarmadığı, kollektivin birbaşa dərk etmədiyi ideyaları simvolik şəkildə təcəssüm etdirir.
Dissertasiyada qeyri-şüurilik kontekstində folklora psixoanalitik yanaşmanın nəzəri-metodoloji əsasları problemi üzrə psixoanalitik nəzəri anlayışlar və onların folklora tətbiqi məsələləri, Ziqmund Freydin psixoanalitik təhlil metodu, eləcə də Alan Dundesin psixoanalitik folklorşünaslıq görüşləri araşdırılmış, psixosemantik məna oxunuşunun nəzəri əsasları müəyyənləşdirilmiş, folklorda qəhrəmanın “infantil qeyri-şüuri cənnət” axtarışının psixogenezisi və bunun konfliktyaradıcı mahiyyəti kontekstində “dirilik suyu” motivi, ana və ata əcdad obrazlarının psixosemantikası təhlil olunmuşdur.
Tədqiqat çərçivəsində folklorda “ata yasağı”na infantil reaksiyanın metaforik-simvolik təzahürləri və onların psixoanalizi problemi araşdırılmış, qəhrəmanın qadın mühitindən kişi mühitinə keçidi kontekstində müstəqilləşmə prosesi, ataya qarşı protestin mədəni-psixoloji effektləri və buta motivində aşiq-məşuq münasibətlərinin psixosemantikası məsələləri tədqiq olunmuşdur.
Folklorda konfliktyaradıcı infantil “Ailə dramı”nın mənayaradıcı gücü və simvolik proyeksiyası problemi konstekstində Azərbaycan folklorunda Edip süjeti və digər infantil mövqeli mətnlərin psixosemantikası, eləcə də folklorik mənayaradıcılığı prosesində infantil mövqenin iştirakı araşdırılmışdır.
Dissertasiyada, həmçinin folklorik metaforaların sosial gerçəklikdə aqressiv reaksiyalar və fantaziyaları sanksiyalaşdırması problemi Molla Nəsrəddin obrazının antinormanı aktuallaşdırması və Novruz mərasimlərinin yaradılış simvollarının psixosemantikası kontekstində öyrənilmişdir.
Xatırladaq ki, Səfa Qarayev 2015-ci ildə AMEA-nın Folklor İnstitutunda “Azərbaycan folklorunda mifoloji xaos” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə “Folklorşünaslıq” ixtisası üzrə dosent elmi adını almışdır.
O, hazırda folklorun psixoanalitik metod əsasında araşdırılması, folklorda psixoloji proyeksiya modelləri və simvolik ekvivalentlik sisteminin analizi, metaforik reallığın stereotip və psixoloji komplekslərlə əlaqələrinin müəyyənləşdirilməsi, mifoloji xaos və kosmos münasibətləri, onların mədəniyyətdə təzahür səviyyələrinin öyrənilməsi, folklorda mənayaradıcı amillərin aşkarlanması istiqamətlərində sistemli və ardıcıl elmi-tədqiqat işlərini davam etdirir.
Səfa Qarayev ölkəmizdə bu sahədə aparıcı mütəxəssislərdən biri kimi tanınır. O, 7 kitabın və 60-a yaxın elmi məqalənin müəllifidir. Alimin elmi məqalələrinin bir qismi respublikada, digərləri isə beynəlxalq elmi nəşrlərdə çap olunmuşdur. Onun Web of Science və Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 4 elmi məqaləsi dərc edilmişdir. Səfa Qarayev bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda ölkəmizi uğurla təmsil etmişdir.
İnci Yusifqızı
/Zekainfo.az