Prezident İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası işığında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə böyük sənətkarın doğulduğu diyarda - Şəkidə onun yubileyinin təntənəli şəkildə qeyd edilməsi Azərbaycanda yeni nəsillərin vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunması üçün böyük əhəmiyyətə malikdir. Bu tədbir həm Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiramın ifadəsidir, həm də onu yetirən bu torpağı, Şəkidə olan bu inkişafı onun arzu elədiyi şəkildə görmək və göstərməklə şairin ideallarının yaşaması deməkdir.
Bu fikirləri müsahibəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə Şəkidə keçirilən konfrans zamanı bildirib.
AMEA-nın prezidenti deyib ki, bu gün böyük Zəfərlər qazanmış ölkəmizdə sənətə, sənətkara göstərilən hörmət və ehtiram Azərbaycanın böyük gələcəyinə işıq salan yeni nəsillərin Bəxtiyar Vahabzadənin timsalında yetişməsi üçün bir örnəkdir. “Bu konfransın ən böyük nəticəsi bundan ibarətdir”, - deyə İ.Həbibbəyli vurğulayıb.