Heyf səndən, Nicat…

Heyf səndən, Nicat…
Cəmiyyət 06 Mart 2026 - 14:56
Bəzən insanın qəlbinə sığmayan bir kədər olur. Sözlər boğazında düyünlənir, xatirələr bir-bir gözlərinin önündən keçir, amma yenə də inanmaq istəmirsən. Bu gün sənin yoxluğunla üz-üzə qalanda məhz belə bir hiss yaşayırıq. Sanki dünən yanımızda idin, zarafatlarınla otağı gülüşə qərq edirdin, indi isə səni xatirələrdə axtarırıq.
Mən hələ tələbə idim. “Ədalət” qəzetinin İnformasiya şöbəsində ştatdan kənar əməkdaş kimi çalışırdım. Universiteti bitirdikdən sonra isə həmin qəzetdə xüsusi müxbir kimi fəaliyyətimi davam etdirdim. Bir şöbədə – eyni otaqda işləyirdik. O otaqda təkcə jurnalistlər yox, bir taleyin adamları toplaşmışdı. Əksəriyyətimiz Qarabağdan idik. Üzümüz gülürdü, yazılarımız çap olunurdu, xəbərlər hazırlayırdıq, amma hər birimizin qəlbinin dərinliyində sağalmayan bir yara vardı – Qarabağ nisgili.
Sən isə o otağın ən mehriban, ən səmimi insanlarından biri idin. Elə mehriban idin ki, şöbədəki gənclər səni Nicat yox, “Cici” deyə çağırırdı. Bu ad sənin xarakterinə çox yaraşırdı – saf, səmimi və doğma bir insan idin. O qədər ürəyi yumşaq, o qədər insanpərvər idin ki, sənin yanında insan özünü rahat hiss edirdi.
Biz o illərdə yazılar yazırdıq. Bəzən o yazılar ürək dağlayırdı. Qarabağ dərdindən, didərgin talelərdən, həsrətdən, itirilmiş yurd yerlərindən yazırdıq. Üzümüzdə təbəssüm olsa da, içimizdə qan ağlayan bir nisgil vardı. Azadlığa qədər o nisgil bizimlə yaşadı. Amma iradəmiz heç vaxt sınmadı. Yazılarımızda da, sözümüzdə də vətən sevgisi yaşayırdı.
Təəssüf ki, bu gün elələri də var ki, köçkün taleyini, Qarabağ ağrısını anlamadan danışırlar. Bəziləri köçkünlərin guya çox evi, çox imkanı olduğunu deyərək insanları çaşdırmağa çalışırlar. Onlar o nisgili, o dərdi, o həsrəti yaşamayanlardır. Vətən sevgisini də, yurd itkisini də dərk etməyənlərdir. Çünki bu ağrını yalnız onu yaşayanlar anlayar.
Sən isə o dərdi ürəyində daşıyan insanlardan idin, Cici. Yazılarımızda Qarabağın ağrısı vardı, amma ümid də vardı. Biz gülürdük, amma o gülüşün arxasında gizli bir kədər dayanırdı.
Səninlə bağlı xatirələrim çoxdur. Bir dəfə ciddi bir informasiyanı unutmuşduq və vəziyyət olduqca gərginləşmişdi. Aqil Abbas əsəbi halda bizim işlədiyimiz informasiya otağına daxil oldu. Hələ o, bir söz deməmiş sən mənim üzümə baxdın. Bilirdin ki, Aqil müəllim əsəbiləşəndə kiməsə irad bildirsə, mən buna çox həssas yanaşıram. O an üzümə baxıb qımışmağın, sanki verəcəyim reaksiyanı gözləməyin indi də gözümün önündədir. O baxışda həm zarafat vardı, həm də dost qayğısı. Sən elə insan idin – insanın halını baxışından anlayan bir qardaş kimi.
İndi isə səni xatirələrdə axtarırıq. Sanki otağın bir küncündə dayanıb yenə qımışaraq zarafat edəcəksən… Amma bu dəfə sükut var.
Sən bizi belə vaxtsız tərk edə bilməzdin, əziz qardaşım, həmkarım, məsləkdaşım. Bu ayrılıq çox ağırdır. Çünki yaxşı insanlar gedəndə yalnız bir insan yox, bir xatirələr dünyası da bizimlə vidalaşır.
Ruhun şad olsun, əziz Cici…
Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun.
Ailənə, doğmalarına və səni tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirəm. Sən isə bizim yaddaşımızda həmişə səmimi, gülərüz və mərd bir insan kimi yaşayacaqsan.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru 🕊️
reklamlar

Digər xəbərlər