Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli “tiktoker” Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Zekainfo.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə işini davam etdirib.
Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını və yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun yaxını kimi tanıdığını deyib.
Şahid bununla yanaşı ifadəsində bildirib ki, o bu işlə bağlı hər hansı bir polis bölməsində və yaxud hər hansı bir müstəntiqin yanında heç bir ifadə verməyib. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra o buna təəccübünü gizlədə bilməyib.
"Mənim ümumiyyətlə bu ifadədən heç xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç yerə də imza atmamışam".
İstintaqdakı ifadələrinin altından atılan imzalara baxdıqda isə onun imzasına oxşarlığını təsdiq etsədə onun bu ifadələrdən və imzalardan xəbərinin olmadığını bir daha deyib".
Şahidin ümümi ifadəsindən bəlli olub ki,o məşhur meyxanaçı Elşən Xəzərin qızı olmaqla yanaşı şəhid və qazi ailələrinə ərzaq və digər yardımlar göstərməklə məşğuldur. İş üzrə zərərçəkən Xalid Kərimovu da həmin yardımlarda iştirakçı kimi tanıyıb və onunlə digər hansı bir əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, şahidin adından yazılan ifadədə bildirilib ki, güya Aybəniz Xəlilova onun Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj edib ki, bu barədə onun əlindəki fotoları sosial şəbəkələrdə yayacaq.
Növbəti proses mayın 5- nə təyin edilib.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.