Türk Dünyasının söz zirvəsi: Sabir Rüstəmxanlıya verilən dəyərin təntənəsi 

Türk Dünyasının söz zirvəsi: Sabir Rüstəmxanlıya verilən dəyərin təntənəsi 
Yazarlar 29 Aprel 2026 - 13:38
Türk dünyasının böyük şairi, ictimai fikir adamı Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən Onur medalı ilə təltif olunması, əslində, təkcə bir sənətkara verilən mükafat deyil – bu, bütövlükdə türk dünyasının sözünə, yaddaşına və milli ruhuna göstərilən yüksək ehtiramın təntənəsidir. Bu cür dəyərləndirmə, ortaq mədəniyyətimizin yaşadılmasına xidmət edən böyük bir mənəvi hadisə kimi qəbul olunmalıdır.

Sabir müəllimin yaradıcılığı artıq uzun illərdir ki, yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumtürk ədəbi düşüncəsinin aparıcı istiqamətlərindən birini təşkil edir. Onun poeziyası milli kimliyin qorunması, azadlıq ideyasının tərənnümü və türk xalqları arasında mənəvi birliyin möhkəmləndirilməsi baxımından mühüm missiya daşıyır. Bu baxımdan, onun əməyinin beynəlxalq platformada belə yüksək səviyyədə qiymətləndirilməsi, sözün və sənətin gücünə verilən yüksək dəyərin bariz göstəricisidir

Tədbirdə iştirak edən dövlət və ictimai xadimlərin, millət vəkillərinin, diplomatların və ziyalıların səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, Sabir Rüstəmxanlı fenomeni təkcə ədəbi hadisə deyil, həm də milli-mənəvi platformadır. Bu platforma üzərində qurulan dəyərlər isə gələcək nəsillərin ideoloji və mədəni inkişafına yön verən əsas sütunlardan biridir.

Eyni zamanda, Seyfullah Türksoy kimi ziyalıların bu istiqamətdə gördüyü işlər və belə təşəbbüslərin reallaşdırılması, türk dünyasının inteqrasiyası baxımından ardıcıl və məqsədyönlü fəaliyyətin göstəricisidir. Bu yanaşma, mədəni diplomatiyanın real nəticələr doğurduğunu açıq şəkildə nümayiş etdirir.

Bu mənalı təşəbbüsə imza atan TÜRKSOY-un fəaliyyəti yüksək təqdirə layiqdir. Türk xalqlarının ortaq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən bu cür layihələr, əslində, böyük bir tarixi missiyanın davamlılığını təmin edir.

Sabir müəllimə möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq zirvələri arzulayır, bu dəyərli təşəbbüsə görə təşkilatçılara dərin təşəkkürümü bildirirəm.


Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər