İşçiləri sevindirəcək yenilik

İşçiləri sevindirəcək yenilik
Cəmiyyət 04 Avqust 2026 - 11:49

Azərbaycanda işçilərin çalışdıqları müəssisədə pay və ya səhm sahibi olmalarını təşviq edən yeni hüquqi mexanizmin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə qanunvericiliyə "işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı əlavə edilib.

Zekainfo.az xəbər verir ki, yeni qaydalara əsasən, işəgötürən və ya şirkətin təsisçisi işçi ilə ayrıca müqavilə bağlamaqla ona müəssisənin payını və ya səhmini müxtəlif şərtlərlə əldə etmək imkanı yarada biləcək. Bu imkan payın və ya səhmin ödənişsiz verilməsi, güzəştli qiymətlə satılması və ya əvvəlcədən müəyyən olunmuş qiymət əsasında gələcəkdə alınması hüququnu əhatə edə bilər.

Lakin işçi bu hüququ avtomatik şəkildə əldə etmir. Bunun üçün tərəflər arasında ayrıca müqavilə bağlanmalı və həmin sənəddə nəzərdə tutulan şərtlər tam yerinə yetirilməlidir. Məsələn, işçinin müəyyən müddət şirkətdə fəaliyyət göstərməsi, yaxud şirkətin və ya işçinin əvvəlcədən müəyyən edilmiş performans göstəricilərinə və hədəflərə çatması kimi tələblər qoyula bilər.

Qanunvericiliyə əsasən, bu plan çərçivəsində işçinin əldə etdiyi pay və ya səhm əməkhaqqısının tərkib hissəsi hesab edilmir və əməkhaqqının əvəzinə təqdim oluna bilməz.

Sözügedən mexanizm xüsusilə startaplar, innovasiya yönümlü və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün əhəmiyyətli yenilik sayılır. Bu yanaşma şirkətlərə əməkdaşları uzunmüddətli fəaliyyətə həvəsləndirmək və onların müəssisənin inkişafında daha maraqlı tərəfə çevrilməsini təmin etmək üçün işçilərə səhmdar və ya payçı olmaq imkanı yaratmağa şərait verəcək. 

reklamlar

Digər xəbərlər