Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərində Amerika ağ kəpənəyinə qarşı tədbirlər görülür.
Zekainfo.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə tədbirləri davam etdirir. Mütəxəssislərin apardığı davamlı müşahidələr nəticəsində zərərvericinin ocaqları müəyyən edilib və vaxtında müdaxilə təmin olunub. Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır.
Amerika ağ kəpənəyi həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan zərərvericilərdəndir. Onun vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacibdir. Bitki mühafizəsi istiqamətində başlanılan bu kimi profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.