Milli irsimizin zənginliyi WUF13-də böyük maraqla qarşılandı

Milli irsimizin zənginliyi WUF13-də böyük maraqla qarşılandı
Cəmiyyət 21 May 2026 - 14:58
2026-cı il mayın 18-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən “Kəlağayı sərgisi, qurama və toxuculuq sənəti” adlı mədəni tədbir təşkil olunub. Tədbir çərçivəsində WUF13 iştirakçılarına Azərbaycanın zəngin milli-mədəni irsi, əsrlərin yaddaşını yaşadan xalq sənəti nümunələri, xüsusilə kəlağayıçılıq, qurama və toxuculuq ənənələri haqqında ətraflı məlumat verilib.
Sərgidə nümayiş etdirilən əl işləri və milli sənət nümunələri qonaqlarda böyük maraq doğurub. Azərbaycan qadınının zövqünü, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan kəlağayı sənətinin tarixi və estetik xüsusiyyətləri tədbir iştirakçılarına xüsusi təqdim olunub. Eyni zamanda, qədim xalq yaradıcılığı nümunəsi olan qurama və toxuculuq sənətinin milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin sonunda “Nənə qızlar” ansamblının təqdim etdiyi musiqi proqramı WUF13 iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Milli musiqimizin və folklor ruhunun tədbirə xüsusi ab-hava qatdığı proqram qonaqlarda xoş təəssürat yaradıb və Azərbaycan mədəniyyətinin zənginliyinin beynəlxalq platformada bir daha nümayişinə çevrilib.
Səfər Şakiroğlu
reklamlar

Digər xəbərlər