Ömrü ilə insanlığa dərs olan müəllim — Tahirə müəllimənin işıqlı həyat yolu

Ömrü ilə insanlığa dərs olan müəllim — Tahirə müəllimənin işıqlı həyat yolu
Cəmiyyət 21 May 2026 - 14:58
Bu gün Bakı şəhəri 347 saylı tam orta məktəbin ən dəyərli müəllimlərindən biri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahirə Verdiyevanın doğum günüdür. Bəzən insanın ömrü bir kitaba bənzəyir… Vərəqlədikcə içindən həm nisgil boylanır, həm də qürur. Tahirə müəllimənin ömrü də elə belə ömürlərdəndir — ağrının içindən keçib insanlara ümid olmağı bacaran, sınsa da əyilməyən, susaraq böyüyən bir qadın taleyi…
1993-cü ilin o qara günlərində Kəlbəcər erməni işğalına məruz qalanda, minlərlə ailə kimi Tahirə müəllimənin də həyatına köçkünlük yazıldı. Yurd yerindən didərgin düşmək insanın təkcə evini yox, uşaqlığını, xatirələrini, ruhunun bir parçasını itirməsidir. O da doğma ocağından uzaq düşdü, torpaq nisgilini illərlə ürəyində daşıdı. Amma zaman onu nə daşlaşdırdı, nə də həyata küsdürdü. Əksinə, o ağrı Tahirə müəllimənin qəlbini daha mərhəmətli, daha dözümlü etdi. Bu gün o, sinfə daxil olub şagirdlərinə yalnız dili, ədəbiyyatı yox, həm də qələbənin hansı əzabların içindən gəldiyini öyrədir. Onlara səbirli, iradəli, Vətənə bağlı insan olmağın mənasını anlatmağa çalışır.
İnsan var dərs keçir… İnsan da var, ömrü ilə dərs olur. Tahirə müəllimə məhz belə insanlardandır. Onun sinfə daxil olduğu anda hiss edilir ki, qarşıda sadəcə müəllim yox, böyük ürək sahibi dayanıb. Baxışlarında ana qayğısı, danışığında həyatın sərt sınaqlarından keçmiş bir insanın təmkinli müdrikliyi var. Şagirdlərinə təkcə qayda-qanun yox, insanlığın ağırlığını, vicdanın məsuliyyətini, halal yaşamağın dəyərini öyrədir. Tələbkar görünən baxışlarının arxasında isə sonsuz şəfqət gizlənir.
Həyat Tahirə müəlliməyə çox ağır imtahanlar yaşadıb. İki azyaşlı övladını və həyat yoldaşını avtomobil qəzasında itirmək hər qadının daşıya bilməyəcəyi bir dərddir. Belə ağrı bəzən insanın ömrünü yarıda qoyar… Amma Tahirə müəllimə acısını hayqıraraq yox, susaraq yaşadı. Yaralarını insanlara göstərmədi. Başını dik tutdu, taleyə boyun əymədi. Əksinə, dərs dediyi uşaqlara daha çox bağlandı. Bəlkə də elə buna görə bir çox şagirdin yaddaşında o, sadəcə müəllim kimi yox, ana mərhəməti ilə yaşayan bir insan kimi qaldı.
Məktəbin müəllim kollektivi arasında Tahirə müəllimənin xüsusi yeri var. Kiminsə çətin günü olanda ilk narahat olanlardan biri məhz odur. Səssizcə yardım edən, ehtiyac sahibinin qapısını minnətsiz döyən, öz payından keçib başqasına dayaq duran nadir insanlardandır. Çünki bəzi insanların ürəyi sadəcə döyünmür — yaxşılıq üçün yaşayır.
Bu gün Tahirə müəllimənin doğum günüdür. Amma əslində bu gün, həm də ömrün bütün ağrılarına baxmayaraq insanlığını qoruyub saxlayan bir müəllim qadının həyatına ehtiram günüdür. O, köçkünlük görmüş bir nəslin ləyaqətli nümayəndəsi, qürurun, mərhəmətin və müəllim adına yaraşan əzmin sahibidir.
Əziz Tahirə müəllimə, doğum gününüz mübarək olsun. Arzu edirik ki, ömrünüzün bundan sonrakı yolları daha çox sevincə açılsın. İllərlə insanlara verdiyiniz işıq, qayğı və mərhəmət bir gün sizin öz qəlbinizə də böyük bir xoşbəxtlik kimi qayıtsın. Allah sizi qorusun. Varlığınız sizi tanıyan hər kəs üçün dəyər olaraq qalsın.
Cəmilə Çiçək
Bakı şəhər 347 nömrəli tam orta məktəbin psixoloq-müəllimi,
zekainfo.az⁠ saytının baş redaktoru
reklamlar

Digər xəbərlər