Jurnalistika yalnız informasiya ötürmək sənəti deyil, həm də zamanın yaddaşını qoruyan, insan talelərini sənədləşdirən məsuliyyətli bir missiyadır. Bəzən illər öncə yazılmış bir müsahibə, saralmış bir qəzet parçası təkcə keçmişin izi deyil, həm də gələcəyin konturlarını göstərən dəyərli mənbəyə çevrilir.
Mənim üçün bu cür xüsusi xatirələrdən biri (1998-ci il fevaral) tələbəlik illərimə – jurnalistikaya ilk addımlarımı atdığım dövrə aiddir. Həmin illərdə əyani təhsil alaraq paralel şəkildə “Ədalət” qəzeti və digər mətbuat orqanları ilə yanaşı, “Yeni era” qəzeti ilə də əməkdaşlıq edirdim.
Tələbə idim, paralel gənc müxbir kimi fəaliyyətimin başlanğıc mərhələsində hazırladığım müsahibələrdən biri isə “Turan” Gənclər Təşkilatının I müavini Aqil Camalla olmuşdu.
Bu gün həmin müsahibəyə yenidən nəzər saldıqda, sadəcə bir söhbət deyil, eyni zamanda bir başlanğıc nöqtəsi, bir yol xəritəsi görürəm. O vaxtlar hələ tələbə olan, lakin artıq ictimai fəallığı və ideoloji baxışları ilə seçilən Aqil Camal gənclərin milli düşüncə, vətənpərvərlik və təşkilatlanma ruhunda formalaşmasının vacibliyini vurğulayırdı.
Onun fikirlərində sistemli düşüncə, ictimai məsuliyyət və gələcəyə yönəlik baxış açıq şəkildə hiss olunurdu.
“Turan” Gənclər Təşkilatının fəaliyyəti, məramı və məqsədləri haqqında verdiyi cavablar göstərirdi ki, bu qurum təkcə bir təşkilat deyil, eyni zamanda milli kimlik, ideoloji birlik və gənclərin inkişaf platformasıdır.
Aqil Camalın həmin dövrdə səsləndirdiyi fikirlər – xüsusilə gənclərin problemlərinə diqqət yetirilməsi, mətbuatın məsuliyyəti və cəmiyyətin maariflənməsi ilə bağlı yanaşmaları – bu gün də aktuallığını qoruyur.
Aradan illər keçdi. O dövrdə müsahibə aldığım gənc təşkilat nümayəndəsi bu gün respublikamızın tanınmış jurnalistlərindən birinə çevrilib. Onun keçdiyi yol təsadüfi deyil – bu, ardıcıl zəhmətin, prinsipial mövqenin və peşəyə sadiqliyin nəticəsidir.
Açıq demək lazımdır ki, qələm də insan taleyində müəyyən rol oynayır. Vaxtilə gənc jurnalist kimi onunla apardığım həmin ilk müsahibə də sanki bu yolun başlanğıc nöqtələrindən biri kimi yadda qalıb.
Bu günlərdə Aqil Camalın 50 illik yubileyi qeyd olundu. Bu münasibətlə şəxsi arxivimə qayıdaraq, illər öncə qəzetdən kəsib saxladığım, artıq saralmış kağızda qalan həmin müsahibəni yenidən tapdım.
Bu tapıntı mənim üçün sadəcə nostalji deyil, həm də bir peşəkar yolun canlı sübutu idi.
Həmin müsahibəni bu gün oxuculara təqdim etməkdə məqsədim yalnız keçmişi xatırlatmaq deyil. Bu, eyni zamanda gənclik enerjisinin, ideyaya inamın və sözün gücünün zamanla necə böyük nəticələr doğurduğunu göstərməkdir.
Dünənin tələbəsi olan bir gəncin bu gün ölkə miqyasında tanınan jurnalistə çevrilməsi təsadüfi deyil – bu, ardıcıl inkişafın və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir.
Aqil Camalı 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və jurnalistika sahəsində daha böyük nailiyyətlər arzulayıram. İnanıram ki, onun qələmi bundan sonra da ictimai fikrin formalaşmasında öz sözünü deməyə davam edəcək.
Və mən illər öncə hazırladığım, bu gün artıq tarixə çevrilmiş həmin müsahibəni – saralmış kağızda qalan, lakin məzmun etibarilə hələ də canlı olan o yazını – bir xatirə, bir dəyər kimi oxucuların diqqətinə təqdim edirəm.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru