Cəmiyyət
09:22, Bugün
(ETÜD)
Mövzu: Şəhid Daşqın Şəfiyevin əziz xatirəsinə həsr olunur
Obrazlar:
* Müəllim – Çiçək
* Tələbə – Allahverdi
Səhnənin gedişi
1. Xatirə və ehtiram
Allahverdi şəhid Daşqın Şəfiyevin fotosu ilə səhnəyə daxil olur. Şəklə uzun-uzadı baxır, onu ehtiramla sinəsinə sıxır. Baxışlarında hüzn, qəlbində isə qəhrəmanın xatirəsinə dərin ehtiram duyulur.
2. Mənəvi birlik
Müəllim səhnəyə daxil olur. Şəhidin fotosuna diqqətlə baxaraq əlini ürəyinin üstünə qoyur. Sonra fotonu Allahverdiyə qaytarır və onun çiyninə inamla toxunur. Tələbənin baxışlarında müəllimin bu səssiz münasibətindən güc və mənəvi dayaq hiss olunur.
3. Vətənə sədaqət
Allahverdi masadakı not dəftərinə baxır, əlini onun üzərinə qoyur. Sənət yolunu davam etdirmək arzusunu və gələcəkdə hərbi xidmətə yollanaraq Vətən qarşısında borcunu yerinə yetirmək əzmini hərəkətləri ilə ifadə edir. Şəhidin fotosuna yenidən baxır. Əvvəlki hüznlü baxışları qətiyyətli və inamlı ifadə alır.
4. Əmanətin ötürülməsi
Müəllim Azərbaycan bayrağını götürərək ehtiramla Allahverdiyə təqdim edir. Tələbə bayrağı iki əli ilə qəbul edir, bir anlıq ona baxır, sonra şəhidin fotosunun yanında tutur. Müəllim onun çiyninə əlini qoyur. Bu səssiz an müəllimin mənəvi dəyərləri gələcək nəslə ötürməsini, tələbənin isə həmin məsuliyyəti qəbul etməsini simvolizə edir.
5. Final – Yaşayan əmanət
Allahverdi şəhidin fotosunu və bayrağı sinəsinə yaxın tutaraq dik dayanır. Müəllim onun yanında qürurla dayanır. Tələbə əvvəl müəlliminə, sonra tamaşaçılara baxır. Baxışlarında artıq yalnız ehtiram deyil, Vətənə xidmətə hazır olan gəncin qətiyyəti görünür. Müəllim əlini ürəyinin üstünə qoyur, tələbə də eyni hərəkəti təkrarlayır.
Bir neçə saniyəlik mənalı sükut...
Səhnə onların vüqarlı duruşu, şəhidin xatirəsinə ehtiramı və gələcəyə yönəlmiş qətiyyətli baxışları ilə tamamlanır.
Final ideyası:
Şəhidlər Vətəni qoruyaraq bizə əmanət etdilər. Onların qəhrəmanlığını yaşatmaq, Vətənə sədaqətlə xidmət etmək gələcək nəsillərin müqəddəs borcudur.
Əsas mesaj: Şəhidlərimizi anmaq yalnız onları xatırlamaq deyil, onların uğrunda can verdikləri Vətənə layiq olmaqdır.
Cəmilə ÇİÇƏK
Müəlllif və müəllim obrazında