Ciddiyyətin arxasında gizlənən humanizm: Jalə müəlliməyə tələbələrindən doğum günü sürprizi

Ciddiyyətin arxasında gizlənən humanizm: Jalə müəlliməyə tələbələrindən doğum günü sürprizi
Təhsil 29 Oktyabr 2026 - 18:26
Bəzən insanın əsl xarakterini tanımaq üçün onunla uzun-uzadı söhbət etməyə ehtiyac yoxdur. Zaman, münasibət və davranışlar ilk təəssüratların arxasında gizlənən həqiqətləri üzə çıxarır. İlk baxışda ciddi görünən bir insanın daxilində nə qədər həssaslıq, mərhəmət, səmimiyyət və humanizm daşıdığını tanıdıqca anlamaq mümkündür. Azərbaycan Milli Konservatoriyasında multikulturalizm fənnini tədris edən Jalə Məhərrəmova da məhz belə pedaqoqlardandır.

Bu gün Jalə müəllimənin doğum günüdür. Əlamətdar gün münasibətilə tələbələri ona xoş və yaddaqalan bir sürpriz hazırlayıblar. Bir araya gələn tələbələr tort kəsərək, çay süfrəsi ətrafında səmimi anlar yaşayaraq sevimli müəllimələrini təbrik ediblər. Bu görüş sadəcə doğum günü qeyd etməsi deyil, müəllimə duyulan hörmətin, sevginin və mənəvi bağlılığın ifadəsinə çevrilib.

Jalə müəllimə ilə ilk tanışlığımızda onun ciddi, prinsipial və tələbkar pedaqoq obrazı diqqətimizi çəkmişdi. Lakin zaman keçdikcə anladıq ki, bu ciddiyyətin arxasında tələbələrini dinləməyi bacaran, onların hisslərinə həssas yanaşan, anlayışlı və son dərəcə humanist bir insan dayanır. Onun münasibətində tələbkarlıqla qayğı, məsuliyyətlə mərhəmət, pedaqoji prinsipiallıqla insani səmimiyyət bir-birini tamamlayır.

Jalə müəllimənin pedaqoji fəaliyyətində xüsusi yer tutan multikulturalizm fənni isə mahiyyət etibarilə yalnız akademik biliklərin öyrədilməsi ilə məhdudlaşmayan, insanı mənəvi və intellektual baxımdan zənginləşdirən mühüm bir elm sahəsidir.


Multikulturalizm fərqli mədəniyyətlərin, dillərin, adət-ənənələrin, dünyagörüşlərinin və mənəvi dəyərlərin qarşılıqlı hörmət şəraitində birgə mövcudluğunu ifadə edir. Bu fənn insana fərqli olana yad münasibətlə deyil, anlayış və hörmətlə yanaşmağı, müxtəliflikdə birliyi görməyi, mədəniyyətlər arasında dialoqun və mənəvi körpülərin əhəmiyyətini dərk etməyi öyrədir.

Əslində, multikulturalizm yalnız öyrənilən bir nəzəriyyə deyil, həm də yaşanmalı olan bir düşüncə mədəniyyətidir. İnsanların fərqliliklərini qəbul etmək, onların milli-mənəvi kimliyinə hörmətlə yanaşmaq, ortaq insani dəyərlər ətrafında birləşmək müasir cəmiyyətin ən mühüm mənəvi ehtiyaclarındandır. Bu baxımdan, həmin fənnin tədrisi gənclərin dünyagörüşünün formalaşmasına, tolerant düşüncənin, qarşılıqlı anlaşmanın və vətəndaş məsuliyyətinin inkişafına mühüm töhfə verir.

Mənim də xüsusi maraq və rəğbət bəslədiyim bu fənni Jalə müəllimənin tədris etməsi onun auditoriyadakı fəaliyyətinə daha fərqli prizmadan baxmağa imkan yaradır. Çünki bir müəllimin tədris etdiyi fənnin mahiyyətini yalnız sözlərlə deyil, öz davranışı, münasibəti və insanlara yanaşması ilə də ifadə etməsi pedaqoji fəaliyyətin ən dəyərli tərəflərindən biridir.

Müəllimlik yalnız bilik ötürmək deyil. Müəllim həm də düşüncə formalaşdıran, mənəvi istiqamət göstərən, insanın yaddaşında və dünyagörüşündə iz qoyan şəxsiyyətdir. Onun əsl uğuru auditoriyada söylədiyi fikirlərlə yanaşı, tələbələrinin qəlbində qazandığı hörmət və sevgidə də təzahür edir.

Jalə müəllimənin doğum günündə biz tələbələri ilə eyni süfrə ətrafında bir araya gəlməsi, onların səmimi təbriklərini və xoş münasibətini bölüşməsi müəllim-tələbə münasibətlərinin yalnız dərs və auditoriya çərçivəsində formalaşmadığını bir daha göstərir. Bu münasibətlərin təməlində qarşılıqlı hörmət, etimad və insani dəyərlər dayanır.

Bəlkə də bir pedaqoq üçün ən böyük mənəvi mükafat illər sonra tələbələrinin yaddaşında yalnız öyrətdiyi fənlə deyil, həm də şəxsiyyəti, davranışı və insanlığı ilə yaşamaqdır. Çünki bilik yaddaşda qala bilər, amma gözəl münasibət insanın qəlbində yaşayır.

Əziz Jalə müəllimə! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, ailə səadəti, elmi-pedaqoji fəaliyyətinizdə yeni uğurlar, tükənməz enerji və mənəvi zənginlik arzulayırıq. Tədris etdiyiniz multikulturalizm fənninin mahiyyətində dayanan humanizm, qarşılıqlı hörmət və mənəvi zənginlik kimi dəyərlər həyatınızda da daim öz əksini tapsın.

Hər zaman tələbələrinizin sevgisini, həmkarlarınızın hörmətini qazanan, elmi və pedaqoji fəaliyyəti ilə yeni nəsillərin düşüncə dünyasına töhfə verən dəyərli müəllim kimi qalasınız!

Unutmayaq ki, insanın böyüklüyü tutduğu mövqedən daha çox, başqalarının həyatında buraxdığı mənəvi izlə ölçülür. Ən qiymətli iz isə sevgi, hörmət və xoş xatirələrlə yaddaşlarda yaşamaqdır.

Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər