ABŞ-nin “Villa Vie Residences” şirkətinə məxsus “Villa Vie Odyssey” gəmisi ilə dünya səyahətinə çıxan təxminən 200 sərnişin gözlənilməz xəbərlə sarsılıb.
Zekainfo.az xəbər verir ki, Yaxın Şərqdəki müharibə fonunda yanacaq qiymətlərinin kəskin bahalaşması səbəbindən şirkət fəaliyyətini dayandırdığını və gəminin Kambocanın Sihanukvil limanında təxliyə edildiyini elan edib.
2024-cü ilin oktyabrında Şimali İrlandiyanın Belfast şəhərindən yola düşən gəmi sərnişinlərə “dənizdə daimi ev” vədi verirdi. Şirkət suitləri 230 min dollara (təxminən 206 min 700 avro) sataraq ömürlük yaşayış təklif edirdi. Lakin yanacaq xərclərinin kabin başına aylıq 1800 dollardan 8000 dollara qədər yüksəlməsi şirkəti maliyyə böhranına salıb.
Kambocanın Preah Sihanuk əyalətinin qubernator müavini Lonq Dimanş bildirib ki, Baham adaları bayrağı altında üzən gəmi oktyabrın 23-də 203 sərnişin və 156 heyət üzvü ilə limana daxil olub. Sərnişinlərə gəmidən çıxmaq üçün cəmi 7 saat vaxt verilib.
Gəmidəki sərnişinlərin bir çoxu bu səyahət üçün öz ölkələrindəki bütün əmlaklarını satmış təqaüdçülər və uzaqdan işləyən mütəxəssislərdir. Təxliyə qərarı onları vətənlərindən minlərlə kilometr uzaqda evsiz qoyub. Bəzi sərnişinlər öz imkanları ilə ölkəni tərk etsə də, digərləri limanda çarəsiz vəziyyətdə qalıb.
“Villa Vie Residences” isə növbəti 60 gün ərzində maliyyə strukturunu yenidən qurmağa və əlavə kapital cəlb etməyə çalışacağını açıqlayıb, lakin prosesin necə yekunlaşacağı hələlik məlum deyil.