Bakı şəhər 347 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Bakı şəhər 347 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Təhsil 13 Oktyabr 2026 - 18:01
Sağlam gələcək düzgün seçimdən başlayır
9 oktyabrda Bakı şəhər 347 nömrəli tam orta məktəbində yeniyetmələr arasında narkomaniyanın qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin fəsadları barədə məlumatlılığın artırılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.
Bu çərçivədə məktəbin 8b sinfində növbəti maarifləndirmə işi aparılıb. Tədbirdə şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə, təhsilinə və sosial münasibətlərinə vurduğu zərər barədə məlumat verilib. Yeniyetməlik dövründə düzgün qərarvermə, mənfi təsirlərə qarşı müqavimət göstərmək, sağlam mühit seçmək və şəxsi məsuliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Məktəbin psixoloqu olaraq qeyd etmək istərdim ki, narkomaniyaya qarşı mübarizə yalnız təhlükələri izah etməklə məhdudlaşmamalıdır. Yeniyetmələrdə özünəinamın, emosional dayanıqlığın, tənqidi düşüncənin və müstəqil qərarvermə bacarığının inkişaf etdirilməsi də profilaktik işin mühüm istiqamətlərindəndir. Şagirdlər bilməlidirlər ki, hər hansı riskli təklif qarşısında imtina etmək, çətinlik yaşadıqda etibar etdikləri böyüklərə müraciət etmək zəiflik deyil, şüurlu və məsuliyyətli davranışdır.
8b sinfinin rəhbəri İlhamə müəllimə də çıxəş edərək şagirdlərlə söhbət aparıb, onları sağlam həyat tərzinə üstünlük verməyə və gələcəklərinə məsuliyyətlə yanaşmağa çağırıb.
İnanıram ki, məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi, davamlı maarifləndirmə və yeniyetmələrə vaxtında psixoloji dəstəyin göstərilməsi bu istiqamətdə mühüm nəticələr verə bilər. Çünki sağlam gələcəyin təməli yalnız biliklə deyil, həm də düzgün seçim, möhkəm iradə və məsuliyyətli həyat mövqeyi ilə qoyulur.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
məktəb psixloqu,
Zekainfo.az saytının baş redaktoru


reklamlar

Digər xəbərlər