5 oktyabr – Müəllimlər Günü ərəfəsində Bakı şəhəri 347 nömrəli tam orta məktəbdə intizam qaydaları müzakirə olunub

5 oktyabr – Müəllimlər Günü ərəfəsində Bakı şəhəri 347 nömrəli tam orta məktəbdə intizam qaydaları müzakirə olunub
Təhsil 02 Oktyabr 2026 - 17:07
Bakı şəhəri 347 nömrəli tam orta məktəbdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən görüşdə təhsil prosesinin səmərəli təşkili, məktəbdaxili intizam qaydalarına əməl olunması və müəllim–valideyn münasibətlərinin düzgün qurulması məsələləri diqqət mərkəzində olub.
Görüş zamanı müəllim və valideynlərin üzərinə düşən məsuliyyət, məktəbin daxili intizam qaydalarına riayət olunmasının vacibliyi barədə geniş fikir mübadiləsi aparılıb. Xüsusilə valideynlərə məktəbdə müəyyən edilmiş qaydalara hörmətlə yanaşmaları, təhsil müəssisəsinin iş prosesinə müdaxilə edə biləcək və qanunvericiliyin tələblərinə zidd hallara yol verməmələri ilə bağlı müvafiq tövsiyələr çatdırılıb.
Çıxış edən məktəbin direktor müavini İlyas Qədimov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsil müəssisələrində intizamın, qarşılıqlı hörmətin və sağlam iş mühitinin qorunması ilə bağlı tövsiyə və tapşırıqlarını müəllimlərin diqqətinə çatdırıb. Bildirilib ki, məktəbdaxili qaydalara əməl olunması həm tədrisin keyfiyyətinə, həm də məktəbdə sağlam psixoloji mühitin formalaşmasına birbaşa təsir göstərir.


Görüşdə müəllimlərin peşə fəaliyyətinin məsuliyyətli və nümunəvi şəkildə həyata keçirilməsi, şagirdlərin təhlükəsiz və sağlam təhsil mühitində təhsil alması üçün məktəb rəhbərliyi, müəllim və valideynlər arasında qarşılıqlı anlaşmanın vacibliyi vurğulanıb.
Mən də məktəbin psixoloq müəllimi kimi çıxış edərək qeyd etdim ki, məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması yalnız müəllimin və ya məktəb rəhbərliyinin deyil, bütün təhsil iştirakçılarının birgə məsuliyyətidir. Müəllim–şagird, müəllim–valideyn və valideyn–məktəb münasibətlərində qarşılıqlı hörmət, düzgün ünsiyyət və əməkdaşlıq əsas prinsiplərdən olmalıdır.
Bildirdim ki, hər bir valideyn övladının təhsil aldığı müəssisənin daxili qaydalarına hörmət etməli, yaranan hər hansı məsələnin həlli üçün emosional yanaşmadan deyil, dialoq və əməkdaşlıq prinsipindən çıxış etməlidir. Çünki məktəb yalnız təhsil verilən məkan deyil, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşdığı mühüm sosial və psixoloji mühitdir.
Məktəbdə nizam-intizamın qorunması sərt münasibət deyil, ilk növbədə qarşılıqlı məsuliyyət, hüquq və vəzifələrin düzgün anlaşılması deməkdir. Bu baxımdan müəllim, valideyn və məktəb rəhbərliyinin eyni məqsəd ətrafında birləşməsi – uşaqların sağlam, təhlükəsiz və keyfiyyətli təhsil alması üçün mühüm şərtdir.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və iştirakçıların diqqətinə məktəbdə sağlam təhsil mühitinin qorunması ilə bağlı mühüm məsələlər çatdırılıb.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru,
Bakı şəhəri 347 nömrəli tam orta məktəbin psixoloq-müəllimi
reklamlar

Digər xəbərlər