Gəncənin yeni inkişaf mərhələsi: şəhər idarəçiliyi, yenilənmə və gələcəyə baxış

Gəncənin yeni inkişaf mərhələsi: şəhər idarəçiliyi, yenilənmə və gələcəyə baxış
Cəmiyyət 26 Avqust 2026 - 10:39
Gəncə tarixinin dərinliyi, mədəni zənginliyi və strateji əhəmiyyəti ilə Azərbaycanın xüsusi şəhərlərindən biridir. Belə bir şəhərə rəhbərlik etmək yalnız inzibati vəzifə deyil, həm də onun tarixi kimliyini qoruyaraq gələcəyə hazırlamaq məsuliyyətidir.
Niyazi Müzəffər oğlu Bayramovun 2018-ci il avqustun 28-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından ötən dövr şəhərin inkişafında mühüm mərhələlərdən biri kimi diqqət çəkir. Hüquqşünas təhsili, müxtəlif dövlət strukturlarında, o cümlədən gömrük və fövqəladə hallar sistemində, eləcə də Mingəçevir Şəhər İcra Hakimiyyətində qazandığı idarəçilik təcrübəsi onun Gəncədəki fəaliyyətinin əsasını təşkil edib.
Şəhər rəhbərinin fəaliyyətinə qiymət verərkən isə ən doğru meyar konkret nəticələrdir. Son illərdə Gəncədə küçə və prospektlərin yenilənməsi, parkların abadlaşdırılması, yaşıllaşdırma, müasir işıqlandırma sistemlərinin qurulması, yaşayış və qeyri-yaşayış binalarının fasadlarının, dam örtüklərinin təmiri istiqamətində genişmiqyaslı işlər görülüb.
Xüsusilə 2025-ci ildə III MDB Oyunlarına hazırlıq şəhərin simasında nəzərəçarpacaq dəyişikliklər yaradıb. Rəsmi məlumatlara görə, 120-dən çox küçədə asfalt örtüyü yenilənib və əsaslı təmir aparılıb, 637 bina fasad, 1159 bina isə dam örtüyü baxımından təmir olunub. Onlarla küçə və prospektdə işıqlandırma sistemi yenilənib, piyada yolları və fəvvarələr bərpa edilib.
Bu rəqəmlər təkcə görülən işlərin həcmini deyil, qarşıya qoyulan məqsədin miqyasını da göstərir. Təbii ki, bu layihələrin arxasında dövlət siyasəti, maliyyə imkanları və müxtəlif qurumların birgə fəaliyyəti dayanır. Yerli idarəetmənin əsas missiyası isə həmin prosesləri düzgün təşkil etmək, əlaqələndirmək və şəhərin real ehtiyaclarına uyğunlaşdırmaqdır.
Gəncənin yenilənməsi yalnız asfalt və fasadlarla məhdudlaşmır. Gəncəçayın sağ sahilində yaradılan 11 hektarlıq Ekoloji Park Kompleksi şəhərdə müasir ictimai və yaşıllıq məkanlarının formalaşdırılması baxımından diqqətçəkən layihələrdəndir. Cavadxan küçəsində aparılan abadlıq və bərpa işləri isə şəhərin tarixi simasının müasir şəhər standartları ilə uzlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Çünki Gəncənin inkişafı onun keçmişindən imtina etməklə deyil, tarixi irsini qoruyaraq müasir şəhər modelinə keçidlə ölçülməlidir.
Şəhərin inkişaf göstəricilərindən biri də insan kapitalına və sosial infrastruktura münasibətdir. Təhsil müəssisələrinin təmiri, idman və ictimai obyektlərin yenilənməsi, yeni istirahət məkanlarının yaradılması şəhər həyatının keyfiyyətinə birbaşa təsir edən amillərdir. Gəncənin müxtəlif beynəlxalq və regional tədbirlərə ev sahibliyi etməsi də şəhərin təşkilati imkanlarının və potensialının nümayişidir.
İdarəçilikdə digər mühüm məsələ isə vətəndaşla birbaşa ünsiyyətdir. Niyazi Bayramovun şəhərin müxtəlif ərazilərində görülən işlərlə yerində tanış olması, sakinlərin müraciət və təkliflərini dinləməsi yerli idarəetmədə “problemi yerində görmək” prinsipinin əhəmiyyətini ortaya qoyur.
Niyazi Bayramovun Gəncədəki fəaliyyətinə bütövlükdə nəzər saldıqda əsas mənzərə şəhərin mərhələli şəkildə yenilənməsi və daha müasir şəhər mühitinə hazırlanmasıdır. Qarşıdakı dövr üçün isə bu dəyişikliklərin davamlı xarakter alması, kommunal xidmətlərin, ictimai nəqliyyatın, yaşıllıqların və şəhər infrastrukturunun daha da inkişaf etdirilməsi, tarixi-memarlıq irsinin qorunması əsas prioritetlərdən olmalıdır.
Şəxsən mən Gəncəni son illərdə əvvəlkindən daha fərqli, daha səliqəli və daha dinamik görürəm. Küçələrdə, parklarda, ictimai məkanlarda və şəhərin ümumi görünüşündə hiss olunan dəyişiklik Gəncənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İnanıram ki, bu yenilənmə prosesi ardıcıl və məqsədyönlü şəkildə davam etdirilərsə, qədim Gəncə öz tarixi ruhunu qorumaqla yanaşı, Azərbaycanın ən müasir, rahat və nümunəvi şəhərlərindən birinə çevrilə bilər. Gəncənin sabahına olan ümid də məhz bu dəyişikliklərin davamlı nəticəyə çevrilməsindən keçir.

Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər