“ABŞ-nin yeni sanksiyalarına qarşı tam hazırıq”.
Zekainfo.az xəbər verir ki, bunu İranın iqtisadiyyat və maliyyə naziri Əli Mədənizadə dövlət televiziyasına açıqlamasında deyib.
O, hökumətin iqtisadi vəziyyətlə bağlı ikiillik plan hazırladığını və mümkün ssenarilərin bu plan çərçivəsində nəzərə alındığını deyib.
“Hökumət uzun müddətdir ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq üçün planlar hazırlayır və yeni sanksiyalara qarşı tam hazırdır”, - nazir bildirib.
Mədənizadə müharibənin İran iqtisadiyyatına ciddi zərər vurduğunu deyib. Onun sözlərinə görə, hücumlardan xüsusilə polad və neft-kimya sektorları zərər çəkib.
Nazir bildirib ki, zədələnmiş obyektlərin bərpası davam edir, yenidənqurma işlərinə başlanılıb və bazarlarda yaranan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.
İran rəsmisi dəniz blokadasını müharibənin bir hissəsi və ölkəyə qarşı əlavə iqtisadi təzyiq kimi qiymətləndirib: “Ölkənin iqtisadi arteriyalarını kəsmək cəhdləri yeni deyil. Onlar uzun müddətdir bu arteriyaları kəsməyə çalışırlar”.
Onun sözlərinə görə, ABŞ-nin İranın iqtisadi və kommersiya kanallarını tamamilə bloklaması mümkün deyil. Nazir qlobal maliyyə sisteminin yalnız ABŞ-nin nəzarətində olmadığını vurğulayıb.
Mədənizadə İranda artan iqtisadi problemlərin əhali üçün ciddi çətinliklər yaratdığını da etiraf edib: “Biz inflyasiyanın, valyuta təzyiqinin və qıtlığın nə demək olduğunu bilirik”.
O, hökumətin əsas məqsədinin ölkənin maliyyə və iqtisadi axınlarının qarşısının alınmasına yönələn cəhdlərin təsirini azaltmaq olduğunu qeyd edib.
Mədənizadə həmçinin ABŞ-ın İranın dəniz yollarını məhdudlaşdırmaq və neft ixracını azaltmaq cəhdlərinə qarşı alternativ mexanizmlərdən istifadə etdiklərini bildirib.