“Mediada Azərbaycan dili” təlimləri üzrə sertifikatların təqdimat mərasimi keçirilib.
Zekainfo.az-ın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarını dərindən bilməsi xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, dövlət dilinin mediada düzgün tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir.
Əhməd İsmayılov əlavə edib ki, proqram çərçivəsində jurnalistlər üçün "Mediada Azərbaycan dili" metodik vəsaiti hazırlanıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov isə bildirib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların, jurnalistlərin və digər media nümayəndələrinin nitq mədəniyyətinə xüsusi diqqət yetirməsi vacibdir. O vurğulayıb ki, Azərbaycan dilinin zəngin ifadə imkanlarının qorunması, dil normalarının efirdə düzgün tətbiqi milli media mühitinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində jurnalistlər üçün hazırlanmış "Mediada Azərbaycan dili" adlı metodik vəsaitin təqdimatı da keçirilib.
Kitabın müəllifləri – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli, dosent Xatirə Hüseynova və dosent Aynur Nəsirova nəşrin hazırlanma məqsədi, mediada rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər.
Daha sonra təlim proqramını uğurla başa vuran media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “APA Media Group”un dörd əməkdaşı – Nigar Rövşənqızı, Aytən Verdiyeva, İman İmanlı və İlkin Rzayev də proqramı uğurla başa vuraraq sertifikatla təltif olunublar.