Cəmiyyət
11:56, Bugün
Uşaqların hüquqi biliklərə yiyələnməsi, onların şəxsiyyət kimi formalaşmasında, özünəinamlı və məsuliyyətli vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Məhz bu məqsədlə 8 iyun 2026-cı il tarixində Bakı şəhəri 347 nömrəli tam orta məktəbdə məktəbin müəllim-psixoloqu kimi mənim müəllifliyim və təşkilatçılığım ilə “Hüquqlarını Tanıyan Uşaq – Güclü Gələcəyin Təməli” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərdə hüquq mədəniyyətinin formalaşdırılması, onların öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, eyni zamanda hüquqi düşüncə tərzinin inkişaf etdirilməsi olub. Tədbir çərçivəsində tərəfimizdən hazırlanmış xüsusi videoçarxlar, təqdimatlar və maarifləndirici materiallar iştirakçılara təqdim edilib.
Maarifləndirici görüş zamanı uşaqlara BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının əsas müddəaları, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş hüquqlar barədə ətraflı məlumat verdik. Bildirdik ki, hər bir uşağın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə yaşamaq, fikrini sərbəst ifadə etmək, zorakılıqdan qorunmaq, tibbi xidmət almaq və hərtərəfli inkişaf etmək hüququ dövlət tərəfindən təmin edilir və qanunla qorunur.
Tədbirdə xüsusi vurğuladıq ki, hüquqlar yalnız imtiyaz deyil, eyni zamanda müəyyən məsuliyyətlər də yaradır. Uşaqların öz hüquqlarını bilməsi ilə yanaşı, başqalarının hüquqlarına hörmətlə yanaşması, cəmiyyət qarşısında vəzifələrini dərk etməsi sağlam sosial münasibətlərin formalaşmasının vacib şərtlərindən biridir.
İnteraktiv müzakirələr şəraitində keçirilən tədbirdə şagirdlər hüquqların gündəlik həyatda tətbiqi ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallara cavab alıblar. Müzakirələr zamanı uşaqlar hüquqi biliklərin yalnız qanunları öyrənmək deyil, həm də ədalət, qarşılıqlı hörmət, bərabərlik və insan ləyaqətinin qorunması kimi dəyərlərin mənimsənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirin əsas nəticələrindən biri şagirdlərdə hüquqi maariflənmənin gücləndirilməsi, sosial məsuliyyət hissinin artırılması, empatiya bacarıqlarının inkişaf etdirilməsi və öz hüquqlarını müdafiə etmək bacarığının formalaşdırılması olub. Bu kimi təşəbbüslər uşaqların gələcəkdə hüquqi cəhətdən savadlı, fəal və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə mühüm töhfə verir.
Qeyd edək ki, tədbirin ideyası, konsepsiyası, məzmunu, təqdimat proqramı və istifadə olunan maarifləndirici materiallar Bakı şəhəri 347 nömrəli tam orta məktəbin müəllim-psixoloqu kimi tərəfimizdən hazırlanaraq həyata keçirilib. Müəllifliyimiz layihəsi kimi reallaşdırılan bu təşəbbüs uşaq hüquqlarının təbliği, hüquqi maarifləndirmənin genişləndirilməsi və məktəblilərin vətəndaşlıq şüurunun inkişaf etdirilməsi məqsədinə xidmət edib.
Müasir dövrdə hüquqlarını tanıyan, onları müdafiə etməyi bacaran və eyni zamanda başqalarının hüquqlarına hörmətlə yanaşan gənc nəslin formalaşdırılması cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindən biridir. Bu baxımdan məktəbdə keçirilən maarifləndirici tədbir öz aktuallığı və əhəmiyyəti ilə seçilərək şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Cəmilə İsbəndiyarova
Bakı şəhəri 347 nömrəli tam orta məktəbin müəllim-psixoloqu