Təhsil
14:37, Bugün
Bu gün ölkənin hər yerində olduğu kimi, Bakı şəhəri 347 nömrəli tam orta məktəbdə də son zəngin kövrək və unudulmaz sədaları eşidildi. Bir vaxtlar məktəbə ilk dəfə həyəcanla qədəm qoyan uşaqlar artıq məzun adı ilə yeni həyata yola düşürlər.
Bu zəng uşaqlıqla gəncliyin qovuşduğu, xatirələrlə ümidlərin əl-ələ verdiyi xüsusi bir andır. İllər boyu məktəb dəhlizlərində səslənən gülüşlər, sinif otaqlarında keçirilən dərslər, müəllim nəsihətləri və dostluq münasibətləri bu gün hər bir məzunun yaddaşında ömürlük izə çevrilir.
Məktəb insanın yalnız bilik qazandığı yer deyil. Burada xarakter formalaşır, həyata baxış yaranır, gələcəyin təməli qoyulur. Bu gün məzun olan gənclər qarşılarında açılan yeni yolların astanasındadırlar. Onları qarşıda fərqli seçimlər, yeni məsuliyyətlər və böyük arzular gözləyir.
Həyatın hansı zirvəsinə yüksəlmələrindən asılı olmayaraq, hər bir məzunun qəlbində müəllimlərinin zəhməti, valideynlərinin fədakarlığı və məktəb illərinin isti xatirələri yaşayacaq. Çünki uğur yalnız əldə olunan nailiyyətlərlə deyil, insanın qoruyub saxladığı mənəvi dəyərlərlə də ölçülür.
Bu gün son zəngin səsi məktəblə vidalaşan gənclərin qəlbində bir xatirəyə çevrilir. Sabah isə həmin səs onları arzularına, hədəflərinə və yeni uğurlara aparan ilk addımların sədası olacaq.
Qoy hər bir məzunun yolu işıqlı, gələcəyi uğurlu olsun. Arzular gerçəyə çevrilsin, məktəb illərinin saf və gözəl xatirələri isə ömür boyu onların ən qiymətli mənəvi sərvəti kimi yaşasın.
Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru,
Bakı şəhər 347 nömrəli tam orta məktəbin psixoloq-müəllimi