“Türküstan” qəzetinin 20 illik fəaliyyəti yüksək qiymətləndirilib

“Türküstan” qəzetinin 20 illik fəaliyyəti yüksək qiymətləndirilib
Cəmiyyət 12 İyun 2026 - 14:28
Azərbaycan Mətbuat Şurası tərəfindən “Türküstan” qəzetinin 20 illik yubileyi münasibətilə təltifetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən MŞ sədri Rəşad Məcid qəzetin ötən dövr ərzində türk dünyasının ortaq dəyərlərinin, tarixi-mədəni irsinin və inteqrasiya proseslərinin işıqlandırılmasında mühüm missiya yerinə yetirdiyini bildirib.

Rəşad Məcid “Türküstan”ın təkcə media orqanı kimi deyil, həm də türk xalqları arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edən nüfuzlu informasiya platformalarından biri olduğunu vurğulayıb. O, nəşrin təsisçisi və baş redaktoru Aqil Camal başda olmaqla, qəzetin bütün kollektivini 20 illik yubiley münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.

İyirmi illik zəngin fəaliyyət yolu keçən “Türküstan” qəzeti bu gün də türk dünyasının ortaq ideallarının və mənəvi birliyinin təbliğində özünəməxsus mövqeyini qoruyub saxlamaqdadır.

“Türküstan” qəzetinin 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tərəfindən baş redaktor Aqil Camalna ünvanlanan təbrik məktubunda da nəşrin türk dünyasının ortaq dəyərlərinin təbliği, milli-mənəvi irsin qorunması və ictimai fikrin inkişafı istiqamətində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Məktubda qəzetin Azərbaycan media məkanında qazandığı nüfuz, türk xalqları arasında mənəvi bağların möhkəmləndirilməsinə verdiyi töhfələr və iyirmi illik ardıcıl fəaliyyəti xüsusi vurğulanıb. Bu cür yüksək dəyərləndirmə “Türküstan” qəzetinin cəmiyyət və türk dünyası qarşısındakı xidmətlərinin əyani göstəricisi kimi diqqət çəkir.

“Zəkainfo.az” informasiya portalı olaraq biz də “Türküstan” qəzetinin  baş redaktoru Aqil Camalı 20 illik uğurlu media fəaliyyəti münasibətilə səmimi qəlbdən təbrik edir, ona və rəhbərlik etdiyi kollektivə yeni-yeni yaradıcılıq nailiyyətləri, möhkəm cansağlığı və türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, “Türküstan” qəzeti bundan sonra da milli-mənəvi dəyərlərimizin, türk birliyinin və ortaq mədəni irsimizin tanıdılması missiyasını yüksək peşəkarlıqla davam etdirəcəkdir.

Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist, 
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər