“Peşəni seç, gələcəyinin memarı ol” layihəsinə start verildi. Sosial İslahatlara Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Peşəni seç, gələcəyinin memarı ol” adlı yeni layihənin icrasına başlayıb. Layihə 01 may 2026-cı il tarixindən 30 iyun 2026-cı il tarixinədək davam edəcək.
Layihənin hazırlıq mərhələsi artıq başa çatmışdır. Hazırlıq prosesi çərçivəsində təşkilati işlər görülmüş, seminar proqramları hazırlanmış, iştirakçıların cəlb olunması istiqamətində ilkin fəaliyyətlər həyata keçirilmişdir.
Layihə çərçivəsində Bakı şəhərində yeniyetmə və gənclər üçün peşə seçimi, karyera planlaması, əmək bazarının müasir tələbləri və şəxsi inkişaf istiqamətində maarifləndirici seminarlar, təqdimatlar və interaktiv görüşlər təşkil olunacaq. Tədbirlər zamanı iştirakçılara əmək bazarında tələb olunan peşələr, gələcəyin ixtisas istiqamətləri və düzgün karyera quruculuğunun əsas prinsipləri barədə ətraflı məlumat veriləcək.
Layihənin əsas məqsədi gənclərin öz bacarıq və maraqlarını daha yaxından tanımasına, düzgün peşə seçimi etməsinə və gələcək karyeralarını daha planlı və şüurlu şəkildə formalaşdırmasına dəstək göstərməkdir. Eyni zamanda təşəbbüs gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına və onların sosial aktivliyinin artırılmasına xidmət edir.
Layihə İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti, insan kapitalının inkişafı və məşğulluğun artırılması istiqamətində müəyyən edilmiş dövlət prioritetlərinə uyğun olaraq icra olunur.
İki ay davam edəcək layihənin Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulur və proqram çərçivəsində müxtəlif yaş kateqoriyalarından olan gənclərin iştirakı planlaşdırılır.
Səfər Şakiroğlu
Zekainfo.az