Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edir. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Zekainfo.az xəbər verir ki, sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu, xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini vurğulayıb.
Nazir dövlət başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki, hərbi tədris bazasının və institutunun, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini məmnunluqla qeyd edib.
Bildirilib ki, ölkədə ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, eləcə də keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov və komandanın birinci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.