"Ramazanda ən çox verilən suallardan biri də fitrə zəkatının vaxtı və məbləği ilə bağlıdır. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 10-15 AZN arası dəyişə bilər. Bu bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır".
Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq:
"Hər üç ərzaq növü arasında qiymət fərqi var. Fitrə zəkatı ərzaqla verilməlidir yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".