Cəmiyyət
13:07, Bugün
Azərbaycan vətəndaş cəmiyyətinin formalaşması və təşkilati güclənməsi istiqamətində aparılan ardıcıl dövlət siyasəti nəticəsində QHT sektorunda keyfiyyət mərhələsi yaşanır. Bu kontekstdə “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Çiçəyin fəaliyyəti xüsusi vurğulanmalıdır.
Cəmilə Çiçək uzun illərdir ki, həm QHT rəhbəri, həm peşəkar jurnalist, həm də zəhmətkeş pedaqoq kimi milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində sistemli iş aparır. Onun rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələr yalnız tədbir xarakteri daşımır, eyni zamanda gənclərin ideoloji dayanıqlığının gücləndirilməsi, milli kimlik şüurunun formalaşdırılması və sağlam sosial mövqeyin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təşkilat illərdir müxtəlif dövlət qurumlarının elan etdiyi müsabiqələrdə fəal iştirak edir, layihə təşəbbüsləri ilə çıxış edir və ictimai faydalılıq prinsipini əsas götürərək fəaliyyət göstərir. Bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, eləcə də Gənclər və İdman Nazirliyi kimi qurumlara təqdim olunan layihələrin dəstəklənəcəyinə inam tam əsaslıdır. Çünki təşkilatın fəaliyyət fəlsəfəsi dövlətçilik maraqları ilə üst-üstə düşür və milli məqsədlərə xidmət edir.
Cəmilə Çiçək eyni zamanda mətbuat sahəsində də fəallığı ilə seçilir. O, sözün məsuliyyətini dərk edən jurnalist kimi cəmiyyətin maariflənməsinə töhfə verir. Təsadüfi deyil ki, Prezident fərmanı ilə təsis olunmuş Medianın İnkişafı Agentliyi tərəfindən mətbuatın 150 illiyi münasibətilə medalla təltif olunması onun çoxillik əməyinin ictimai təsdiqidir. Bu, həm də media ilə vətəndaş cəmiyyəti arasında sağlam sinerjinin formalaşmasının göstəricisidir.
QHT sektorunun möhkəmlənməsi baxımından Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu mühüm platformadır. Forumun yeni sədri Ramil İsgəndərov tərəfindən Cəmilə Çiçəyə üzvlük vəsiqəsinin yenilənərək təqdim olunması onun uzunmüddətli və prinsipial fəaliyyətinə verilən qurum səviyyəsində dəyərin bariz ifadəsidir. Bu addım, əslində, vətəndaş cəmiyyətində peşəkarlığın və davamlılığın stimullaşdırılması baxımından əhəmiyyətli mesajdır.
Qeyd etmək lazımdır ki, QHT sektorunun təşəkkülündə vaxtilə Azay Quliyev və Rauf Zeyni kimi şəxslərin də əməyi olmuşdur. Bu gün isə yenilənmiş rəhbərlik tərəfindən davam etdirilən xətt şəffaflıq, ədalət və milli maraqlara xidmət prinsiplərinə əsaslanır.
Cəmilə Çiçəyin fəaliyyəti bir daha göstərir ki, vətəndaş cəmiyyəti yalnız layihə icra edən struktur deyil, həm də milli ideologiyanın, dövlətçilik düşüncəsinin və gənclərin düzgün istiqamətdə formalaşmasının dayağıdır. Onun pedaqoji fəaliyyəti ilə ictimai təşəbbüsləri arasında üzvi bağlılıq var: məktəbdə və auditoriyada aşılanan dəyərlər ictimai layihələrdə praktik məzmun qazanır.
Bu gün ölkəmizdə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarını da Forum ətrafında daha sıx birləşməyə çağırmaq yerinə düşər. Güclü və koordinasiyalı vətəndaş cəmiyyəti dövlətimizin hərtərəfli hədəflərinə çatmasında mühüm tərəfdaşdır.
Cəmilə Çiçəyə təqdim olunan yenilənmiş üzvlük vəsiqəsi təkcə fərdi təqdir aktı deyil, bu, milli-mənəvi dəyərlərə sədaqətin, gənclərin sağlam inkişafına xidmət edən ardıcıl fəaliyyətin və dövlətçilik mövqeyinin təsdiqidir.
Belə nümunələr ölkəmizdə vətəndaş təşəbbüslərinin daha da güclənəcəyinə, dövlət başçısının müəyyən etdiyi inkişaf kursunun ictimai sektorda da uğurla davam etdiriləcəyinə inam yaradır.
Məhəmməd Nərimanoğlu
"Tərəqqi" medalı mükafatçısı