Cəmiyyət
16:50, Bugün
Bu gün – Gənclər Günü – sadəcə təqvimdə qeyd olunan rəsmi tarix deyil. Bu gün xalqın sabahını formalaşdıran, dövlətin gələcəyini çiyinlərində daşıyan bir nəslin mənəvi hesabat günüdür. Bu gün gəncliyin sevincinə qarışan kədərin, kədərin içindən doğan qürurun günüdür.
Ulu Öndər Heydər Əliyev gənclərə daim xüsusi önəm verərək deyirdi ki, “Gənclər bizim gələcəyimizdir, Azərbaycanın gələcəyi onların necə tərbiyə olunmasından, hansı ideyalarla böyüməsindən asılıdır.” Bu fikir bu gün daha aydın, daha ağrılı və eyni zamanda daha qürurlu səslənir. Çünki bu gənclik təkcə ideyalarla yox, canı ilə Vətənə sahib çıxdı.
Bu günün sevincində dərin bir sükut var. O sükutda gənc yaşında torpağa tapşırılan ömürlər, yarımçıq qalan arzular, ana duaları eşidilir. Onlar yaşamaqdan imtina etmədilər — yaşatmaq üçün getdilər. Gəncliklərini torpağa verdilər ki, Vətən azad olsun, bayraq başıuca dalğalansın.
Bu gün azad nəfəs alırıqsa, bu azadlığın hər anında şəhid gənclərimizin izi var. O analar var ki, oğul həsrəti ilə yaşayır, amma qürurla danışır. Çünki bilirlər ki, övladları təkcə onların yox, bütün xalqın övladıdır. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik xətti bu gün Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşən gəncliklə öz tarixi davamını tapdı. Bu gənclər qorxunun yox, məsuliyyətin tərəfini seçdi. Onlar sübut etdilər ki, milli ruh zamanla itmir, sınaqlarla bərkiyir.
Bu gün ümid var. Bu ümid qazilərin sarsılmaz iradəsində, şəhid ailələrinin səbrində, gənclərin gözündəki vətən məsuliyyətində yaşayır. Bu ümid Azərbaycanın gələcəyinin milli-mənəvi dəyərlərə söykənən, azad və güclü bir gəncliyin əlində olduğuna inamdır.
Bu müqəddəs gün münasibətilə,
Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşərək Vətən uğrunda canından keçən gənc şəhidlərimizə Allahdan rəhmət diləyir,
övlətlərini Vətənə qurban verən şəhid analarının qarşısında dərin ehtiramla baş əyir, əllərindən öpürəm,
sağlamlığını itirsə də iradəsini itirməyən qazilərimizə şəfa arzulayıram.
Bu xalqın gəncliyi kədərdən keçib azadlığa çatdı.
Və bu yolun sonunda qorxu yox — ümid, qürur və sabaha inam var.