Zekainfo.az xəbər verir ki, 13 yanvar 2026-cı il tarixində “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirin əsas məqsədi “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqun nəticələrini ictimaiyyətə təqdim etmək, mövcud vəziyyəti açıq müzakirə müstəvisinə çıxarmaq və davamlı sülhün təmin olunması üçün praktik təkliflər formalaşdırmaq olub.
Müzakirə zamanı vətəndaş cəmiyyəti institutlarının sülh gündəliyinə daha sistemli şəkildə cəlb edilməsi, ictimai kommunikasiya və etimad quruculuğu mexanizmlərinin gücləndirilməsi, eləcə də QHT-lər, ekspert dairələri və media arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli çıxışında qeyd edib ki, Prezident İlham Əliyev postmünaqişə dövründə yalnız qələbə qazanan lider deyil, eyni zamanda sülh prosesini strateji şəkildə idarə edən əsas siyasi aktordur. Onun sözlərinə görə, ABŞ-də əldə olunmuş razılaşmalardan sonra Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə mühüm addımlar atılıb və vətəndaş cəmiyyəti səviyyəsində birbaşa dialoq üçün real imkanlar yaranıb. Oktyabrın 21–22-də Azərbaycan nümayəndə heyətinin Ermənistana, noyabrın 21–22-də isə Ermənistan nümayəndə heyətinin Azərbaycana səfərləri üçüncü tərəflərin iştirakı olmadan, hər iki dövlət rəhbərliyinin dəstəyi ilə baş tutub ki, bu da prosesin etibarlı əsaslar üzərində qurulduğunu göstərir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, artıq tərəflər arasında ünsiyyət epizodik təşəbbüs olmaqdan çıxaraq davamlı mexanizmə çevrilib. Onun fikrincə, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakı institusionallaşdığı təqdirdə etimad mühiti daha dayanıqlı və proqnozlaşdırılan xarakter alacaq.
Media faktoruna toxunan çıxışlarda vurğulanıb ki, informasiya məkanında səsləndirilən mövqelər və formalaşdırılan narrativlər cəmiyyətin sülhə baxışını birbaşa müəyyənləşdirir. Medianın emosional ritorikadan uzaq, analitik və məsuliyyətli mövqe sərgiləməsi regionda sülh düşüncəsinin möhkəmlənməsinə strateji töhfə verə bilər.
Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva çıxışında bildirib ki, sülh yalnız siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti dialoq, təşəbbüskarlıq və sosial dəstək vasitəsilə sülhün davamlılığında həlledici rol oynayır və bu prosesdə dövlətin sülh siyasətinə mühüm ictimai dayaq formalaşdırır.
Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov diasporların beynəlxalq müstəvidə sülh təşəbbüslərinə verdiyi töhfəni vurğulayaraq bildirib ki, mədəni və tarixi dəyərlərin tanıdılması qarşılıqlı anlaşmanı gücləndirir və dialoq mühitinin formalaşmasına xidmət edir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev isə qeyd edib ki, etimad quruculuğu tədbirləri sülh üçün mühüm zəmin yaratsa da, uzun illər davam etmiş münaqişənin sosial-psixoloji nəticələrinin aradan qaldırılması zaman və ardıcıl dialoq tələb edir. Onun fikrincə, sülh yalnız sənədlərlə deyil, cəmiyyətin düşüncə tərzində və münasibətlər sistemində formalaşmalıdır.
Müzakirədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ictimai xadimlər, sülh və münaqişələrin həlli üzrə ekspertlər və media təmsilçiləri iştirak edib, səsləndirilən suallar ətrafında geniş fikir mübadiləsi aparılıb və bir sıra praktik təkliflər irəli sürülüb.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının təsisçisi və baş redaktoru
Foto: Nadir İbrahimli