Cəmiyyət
18:00, 09 Yanvar 2026
08 yanvar 2026-cı il tarixində vəziyyətin aydınlaşdırılması məqsədilə Mərdəkan Reabilitasiya Pansionatının baş həkimi Kəmalə xanımın kobinetinə getdim. Qapını döydüm, “buyurun” dedi. Otağa daxil olduğum anda mənzərə hər şeyi sözsüz izah edirdi: baş həkim kreslosunda deyil, otağın sağ tərəfində elektrik şəbəkəsinə qoşulmuş portativ radiatorun yanında, divanda əyləşmişdi. Çünki otaq soyuq idi. Dövlət müəssisəsinin rəhbəri belə istilik olmadan öz iş yerində otura bilmirdi.
Məsələni açıq şəkildə ifadə etdim: qışın ən sərt dövründə əlillər müalicəyə dəvət olunur, lakin pansionatda istilik sistemi işləmir. Cavab isə həm təəccübləndirici, həm də düşündürücü oldu. Qeyri-ixtiyari bir jestlə pəncərədəyə və döşəməyə tərəf işarə edib dedi:
“Baxın, günəş düşüb, əlimizi uzadıb o tərəfə, oturmuşuq da…”
Bu cümlə, əslində, bir müəssisənin yox, bir yanaşmanın, bir idarəçilik fəlsəfəsinin qısa xülasəsi idi. Reabilitasiya müəssisəsində istilik problemi “günəş düşən yerə oturmaqla” həll edilirsə, deməli, biz sosial xidmət yox, iqlimə uyğunlaşma proqramı icra edirik.
Mən də insanlıq və etik çərçivəni qorumağa çalışaraq, ironiya etmədən cavab verdim: bəli, doğrudan da soyuqdan dayana bilməyib radiatoru yandırıb ətrafında əyləşmisiniz. Amma məsələ ondadır ki, soyuğa təkcə əlillər yox, hətta baş həkimin özü də tab gətirə bilmir. Bu isə problemin miqyasını daha aydın göstərir.
Baş həkim isə mövzunu dərhal başqa istiqamətə yönəldərək bildirdi ki, guya narazılıq konkret bir əlilin otağında istiliyin olmaması ilə bağlıdır. Araşdırdığını, həmin otaqdakı kondisionerin qazının bitdiyini və “göstəriş verdiyini”, “birazdan qaz vurmağa gələcəklərini” dedi.
Bu gün isə artıq 09 yanvardır. Nə “birazdan” gəlib, nə də qaz vuranlar görünür. Görünən tək şey odur ki, məsuliyyət anlayışı yenə də havadadır — özü də kondisionerin verdiyi o boğucu hava kimi.
Üstəlik, qış fəslində kondisioner havasının sağlam insan üçün belə uyğun olmadığı hamıya məlumdur. Bu hava nəfəsi daraldır, boğur, xüsusilə xroniki xəstəliyi, ağciyər problemi olan əlillər üçün isə ciddi risk yaradır. Təsadüfi deyil ki, pansionata qəbul zamanı məhz ağciyərin rentgen müayinəsi tələb olunur. Belə olan halda, sual yaranır: bir tərəfdən ağciyər müayinəsi tələb edən sistem, digər tərəfdən niyə həmin ağciyərləri kondisioner havasına möhtac qoyur?
Ortaya paradoksal bir mənzərə çıxır: əlillər sağlamlaşmaq üçün deyil, soyuğa və biganəliyə uyğunlaşmaq üçün pansionata göndərilirlər.
Burada problem təkcə istilik sisteminin işləməməsi deyil. Problem, məsuliyyətin günəş şüalarının üzərinə atılmasıdır. Problem, dövlət müəssisəsində rəhbər şəxsin soyuqdan radiator yanında isinməsi normal qəbul edildiyi halda, əlillərin bu şəraitdə qalmasının “texniki detal” kimi təqdim olunmasıdır.
Bu yazı kimisə hədəf almaq üçün deyil. Bu yazı, sistemin aynaya baxması üçündür. Çünki sosial dövlət anlayışı “günəş düşən tərəfə keçin” məsləhəti ilə ölçülmür. Sosial ədalət portativ radiatorla təmin edilmir.
Aidiyyəti qurumlar anlamalıdırlar: reabilitasiya mərhəmət deyil, vəzifədir. Əlillər səbir nümayiş etdirmək üçün yox, insan kimi müalicə almaq üçün bu müəssisələrə göndərilirlər. Dövlətin gücü isə məhz ən həssas təbəqəyə göstərdiyi real qayğı ilə ölçülür, pəncərədən düşən günəşlə yox.
Məsələ açıqdır və ictimai nəzarət tələb edir. Bu səssizlik davam etdikcə, soyuq təkcə otaqlarda yox, münasibətlərdə də dərinləşəcək.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
https://www.facebook.com/share/v/1D6uJ9xwZ1/