Gürcüstanın NATO-dakı nümayəndəsi İrakli Beraya Alyansın Baş katibi Mark Rutte ilə görüşüb.
Zekainfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstan nümayəndəsi NATO Baş katibinə etimadnaməsini təqdim edib. Görüşdə NATO və Gürcüstan arasında əməkdaşlıq, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunub.
Beraya Gürcüstanın regional təhlükəsizlikdəki rolunun vacibliyini vurğulayıb və Baş katibə Alyansın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstəyinə görə təşəkkürünü bildirib.
Rutte İrakli Berayanı vəzifəyə təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Beraya Gürcüstanın NATO-dakı nümayəndəsi vəzifəsinə ötən ilin sentyabrında təyin olunub. Buna qədər o, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini və Xarici Kəşfiyyat Xidmətinin direktoru da daxil olmaqla müxtəlif vəzifələri tutub./APA