“Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi digər mərkəzlərdə müəyyənləşmir”.
Zekainfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında Ermənistanın yeni konstitusiya layihəsini şərh edərkən bildirib.
O qeyd edib ki, Ermənistanda yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması təkcə əsas qanunun dəyişdirilməsi deyil, həm də dövlətin gələcək inkişaf yolunun, milli ideyalarının və qonşularla münasibətlərinin yenidən müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Deputatın sözlərinə görə, konstitusiya hər bir dövlətin quruluşunun baş planı, millətin hansı məqsədlər uğrunda birləşdiyini və gələcək nəsillərə hansı siyasi mirası qoymaq istədiyini müəyyən edən əsas sənəddir.
Z.Oruc xatırladıb ki, 1988-ci ildə İrəvan meydanlarında səslənən əsas siyasi şüar “Miatsum” olub. Onun fikrincə, 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də Ermənistanın konstitusion əsaslarında və milli ideologiyasında dəyişikliklərin zəruriliyini ortaya qoyub.
Deputat diqqətə çatdırıb ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində “Mülki müqavilə” partiyasına əvvəlki seçkilərlə müqayisədə 38 min nəfər çox olmaqla, 726 min 819 seçici səs verib.
Z.Oruc hesab edir ki, yeni konstitusiya və sülh müqaviləsi məsələsində Ermənistan hakimiyyəti ilə yanaşı, xalq da öz mövqeyini ortaya qoymalıdır. O, ərazi iddialarından imtinanın başqa dövlətin konstitusiyasını qəbul etmək kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayıb.
Deputat, həmçinin TRIPP layihəsinin region üçün yeni imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, vaxtilə Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurma və blokada şəraitində saxladığı halda, hazırda region böyük açılıma hazırlaşır.
Z.Oruc qeyd edib ki, Ermənistan cəmiyyətinin qarşısında seçim var: dinc qonşuluq münasibətlərini, yoxsa ərazi iddialarına əsaslanan ideologiyanı seçmək.
O, sülhün təmin olunması üçün 1988-ci ildə meydanlarda səsləndirilən ərazi iddialarına birdəfəlik son qoyulmasının vacibliyini vurğulayıb.