Bu günlərdə Yasamal Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəməyə müraciət edən Nuranə Məmmədova (ad-soyadlar şərtidir) əvvəllər işlədiyi gözəllik salonunun rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
O bildirib ki, daha öncə Tünzalə Səmədovanın rəhbərlik etdiyi salonda 1 il 4 ay ərzində dırnaq ustası kimi çalışıb. Lakin sonradan əmək münasibətləri pozulub. Belə ki, Türkiyədən idarə edilən “İntizar Toklu” adlı sosial şəbəkə səhifəsində Nuranə və otaq yoldaşı Nərgizin şəxsi həyatına dair görüntülər yayılıb. Həmin materiallarda hər iki qızın cinsi azlıq nümayəndəsi olması, birgə yaşaması və sair iddia edilib.
Məhkəməyə müraciət edən şikayətçi həmin görüntü və məlumatların “İntizar Toklu” adlı istifadəçiyə keçmiş rəhbəri Tünzalə tərəfindən ötürüldüyünü, şərəf və ləyaqətinin alçaldıldığını iddia edib.
Yasamal Rayon Məhkəməsində keçirilən iclasda cavabdeh tərəfin nümayəndəsi xüsusi ittiham qaydasında edilmiş şikayətdə prosessual pozuntuların olmasını irəli sürərək icraata qəbul olunmamasını xahiş edib.
Məhkəmə prosessual qaydalardakı çatışmazlıqları nəzərə alaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə irəli sürülmüş xüsusi ittiham qaydasındakı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarıb.
Şikayətçiyə apelyasiya instasiyasına müraciət edə biləcəyi bildirilib.