Mənim ad günümün ən böyük hədiyyəsi — Zəfərdir!

Mənim ad günümün ən böyük hədiyyəsi — Zəfərdir!
Cəmiyyət 08 Sentyabr 2026 - 15:07
Məni tanıyanlar bilir: doğum günümü qeyd edən insan deyiləm. Çünki 30 ildən artıq bir zaman ərzində mənim üçün ad günündən, şəxsi sevincdən daha böyük bir dərd vardı — işğal altında qalan Qarabağımız, dağıdılan yurd-yuvalarımız, əsir düşən torpaqlarımız və düşmən tapdağında qalan doğmalarımızın məzarları...
Bu ağrı ilə insan necə bayram edə bilərdi?
Ancaq Allahın lütfü, xalqımızın birliyi, 30 il ərzində Vətən sevgisi ilə yetişən gənclərimizin qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı.
Vətən azad oldu. Qarabağ azad oldu. Ruhlarımız azad oldu!
İllərlə həsrət qaldığımız torpaqlar yenidən nəfəs aldı. Daşa dönmüş arzular çiçək açdı. Qarabağda həyat yenidən başladı. Düşmənin dağıtdığı, təhqir etdiyi məscidlərimizdə yenidən azan səsləndi.
Mənim üçün isə bu Zəfərin ən böyük mənalarından biri anamın 30 ildən artıq əsirlikdə qalan məzarının azadlığa qovuşması oldu.
Bundan böyük hədiyyəmi olar?!
Bu gün alnımızdakı 30 illik məğlubiyyət damğası AZADLIQ və ZƏFƏR sözləri ilə əvəz olunub. Ona görə də mənim üçün ən gözəl doğum günü — Azərbaycanın Zəfəridir!
Bu müqəddəs Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhid analarımızın qarşısında sonsuz ehtiramla baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.
Uca Allaha şükür edir, Ali Baş Komandanımıza və Vətən uğrunda canından keçən qəhrəman oğullarımıza minnətdarlığımı bildirirəm.
Bu gün məni doğum günüm münasibətilə təbrik edən bütün dostlarıma da ürəkdən təşəkkür edirəm. Hər birinizin xoş arzusu mənim üçün dəyərlidir.
Arzum birdir: Vətənimiz daim firavan, xalqımız həmrəy, dövlətimiz qüdrətli olsun!
İnsanlarımızı imana, vicdana, mərhəmətə və Vətən sevgisinə çağırıram. Çünki həqiqi iman insanın yalnız dilində deyil, əməlində və vicdanında yaşamalıdır.
Allah Azərbaycanımızı və bütün müsəlman dünyasını qorusun. Şəhidlərimizin ruhu şad, qazilərimizin ömrü uzun olsun.
Bayrağımız daim zirvələrdə dalğalansın! İnşallah!
Bu gün mənim doğum günümdür...
Amma mənim ən böyük hədiyyəm —
AZƏRBAYCANIN ZƏFƏRİDİR! 🇦🇿
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər