Vətən sevgisindən elm zirvəsinə uzanan yol

Vətən sevgisindən elm zirvəsinə uzanan yol
Cəmiyyət 27 İyul 2026 - 17:40
Bəzən bir gəncin uğuru təkcə onun şəxsi nailiyyəti olmur. O uğurun arxasında ailənin mənəvi tərbiyəsi, vətən sevgisi, milli kimlik duyğusu və dövlətinə bağlılıq dayanır. Məhz buna görə də jurnalist Aqil Camalın qızı, ADA Universitetinin məzunu Ayan Camalın Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın nüfuzlu Bristol Universitetində "Data Science" ixtisası üzrə magistr təhsili almaq hüququ qazanması məni ürəkdən sevindirdi.
Ayanın uğuru təkcə bir ailənin deyil, Azərbaycanın intellektual gələcəyinə inanan hər kəsin qürur mənbəyidir. Çünki dövlətimizin ən böyük sərvəti nefti, qazı deyil, savadlı, vətənpərvər, yüksək intellektə malik gəncləridir. Sabahın Azərbaycanını məhz belə övladlar quracaq, inkişaf etdirəcək və dünyanın elm meydanında layiqincə təmsil edəcəklər.
Ayanla bağlı illər öncə eşitdiyim bir xatirə bu gün də yaddaşımdadır. O, hələ birinci sinfə yeni qədəm qoymuşdu. Müəllim hər bir şagirddən hansı rayondan olduğunu soruşarkən Ayan heç tərəddüd etmədən: "Mən Qarabağın Kəlbəcər bölgəsindənyəm" – deyə cavab vermişdi.
Bu, təsadüfi cavab deyildi. Bu, illərlə baba Tapdığın, nənə Mənzərin, atası Aqil Camalın və bütün ailənin Kəlbəcər həsrəti ilə yaşayan söhbətlərini dinləyən bir uşağın qəlbində formalaşmış Vətən sevgisinin səmimi ifadəsi idi. O yaşda belə Ayan doğulmadığı torpağın nisgilini hiss etmiş, yurd sevgisini ailəsinin mənəvi irsindən öyrənmişdi.
Bu gün həmin balaca qız elm yolu ilə Azərbaycanın adını dünyanın nüfuzlu universitetlərindən birində ucaldacaq. Bu, düşmənə verilən ən böyük cavablardan biridir. Çünki torpağı işğal etmək mümkündür, amma Vətən sevgisi ilə böyüyən bir xalqın ruhunu əsla məğlub etmək mümkün deyil. Silahla qorunan sərhədlər qədər, elm və biliklə qorunan dövlət də güclüdür.
Ayanın timsalında biz yalnız bir tələbənin deyil, milli-mənəvi dəyərlərə bağlı, ailəsinə, dövlətinə və ata-baba yurduna layiq övlad kimi yetişən Azərbaycan gəncliyinin simasını görürük. Bu uğur minlərlə gəncə nümunədir və sübut edir ki, zəhmət, savad, vətən sevgisi və dövlətin yaratdığı imkanlar bir araya gəldikdə böyük nəticələr əldə olunur.
Dövlətimizin gənclərə göstərdiyi etimad və qayğı Azərbaycanın gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Elmə yatırılan sərmayə isə həmişə qalib gələn millətin sərmayəsidir.
Ayanı, dəyərli Aqil Camalı və bütün ailəsini ürəkdən təbrik edir, Bristol Universitetində uğurlarının yeni uğurlara qovuşmasını arzulayıram.
Tanrı Vətənini sevən, milli ruhunu qoruyan, elmi ilə dövlətinə xidmət etməyi həyat amalı seçən bütün övladlarımızı qorusun. Çünki Azərbaycanın sabahı məhz belə sağlam düşüncəli, yüksək mənəviyyatlı və intellektual gənclərin etibarlı əllərindədir.
Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər