Cəmiyyət
17:40, Bugün
Bəzən yerində və zamanında deyilən bir cümlə toplu-tüfəngli bir ordunun gücünə bərabər olur. Əsrlərin tapdağından, onilliklərin qınağından və utancından qurtulmaq üçün başlanan o müqəddəs və haqq yolu müzəffər ordumuzun Ali Baş Komandanı, cənab Prezidentimizin “Qarabağ Azərbaycandır və nida işarəsi!” cümləsi ilə başlandı.
Uzaqgörən Prezidentimizin praqmatik bacarığı, Prezident–ordu–xalq birliyinin nəticəsi, qazilərimizin canı, şəhidlərimizin qanı bahasına artıq illərin həsrətinə qovuşmuşuq. Qalib ölkənin vətəndaşı olaraq üzümüz ağ, alnımız açıq, qamətimiz düzdür. Bu gün Azərbaycanın vandallar tərəfindən dağıdılmış, infrastrukturu məhv edilmiş işğaldan azad olunmuş bütün bölgələrində olduğu kimi, bu dünyanın cənnəti olan Kəlbəcərimizdə də bərpa-quruculuq işləri aparılır, elektrik yarımstansiyaları yaradılır, yollar, körpülər, tunellər çəkilir, yaşayış binaları tikilir və yurd həsrətində olan sakinlər doğma el-obalarına qaytarılır.
Cənab Prezident Kəlbəcəri cənnətə çevirəcəyinə söz verib və hər gün bu vədini həyata keçirmək uğrunda dayanmadan çalışır. O Böyük Qayıdışın daha tez reallaşması üçün hər birimiz bir olmalı, ağıllı, humanist və “nəyin, necə və nə zaman edilməli olduğunu hamıdan yaxşı bilən” Prezidentimizə kömək olmalıyıq.
Dövlətimizin siyasətini və prinsiplərini əldə rəhbər tutaraq, ona dəstək olmaq, Böyük Qayıdışın reallaşmasını bir az da tezləşdirmək məqsədilə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Comərd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərinin təklifi və dəstəyi ilə kəndimizin 90 faiz sakinlərinin məmnuniyyətlə və maraqla qoşulduğu bir qrup yaradıldı.
Şəxsi razılıqları ilə kəndin yollarının bərpası, üzdəniraq qonşularımız tərəfindən dağıdılan, digər var-dövlətimizlə bərabər, qəbirlərimizin də bahalı daşları İrəvana daşınan əzizlərimizin uyuduğu qəbirlərin və şəhidlərimizin məzarlarının bərpası üçün hesab yaradılaraq könüllü işlərə başlanıldı.
Xüsusilə, icra nümayəndəmizin yaxından köməyi, dövlətimizin və dövlətçiliyimizin qorunmasında daim iştirak edən kəndin fəxrli gəncləri Elçin Həmidovun, Hikmət Əliyevin, Emin Abbasovun, Ramil İbrahimovun, kəndin fəal və vətənpərvər sakinləri Məhər Həmidovun, Ziyəddin Həsənovun, Natiq Əliyevin, Səfər Piriyevin, Rauf Xəlilovun, İlham İbrahimovun, Elxan Piriyevin, Məhəmməd Abbasovun, kəndimizin Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin ailə üzvlərindən Hikmət Əliyevin, Çingiz Məmmədovun, Vüqar Həsənovun, Vasif Həsənovun, Niyaz Əliyevin, İdris Abbasovun, İlyas Piriyevin, Elçin Əliyevin və digər sakinlərimizin yaxından köməyi və dəstəyi ilə texnika gətirilərək yolun ilkin səviyyədə bərpasına həvəslə başlanıldı.
Təbii ki, zamanı gələndə hörmətli Prezidentimizin dəstəyi ilə bu işlər daha yüksək səviyyədə və layiqincə davam etdiriləcəkdir. Təmiz məramlı qrupun məqsədi yolun bərpasından sonra qəbiristanlığın və qəbirlərin bərpası, kəndin girişində bildiriş nişanının, şəhidlərimizin adlarını və döyüş yolunu əks etdirən xatirə lövhəsinin yaradılmasıdır.
Növbəti tədbirlərdə də Azərbaycanımızın bu cənnət guşəsinin abadlaşmasında daim dövlətimizin yanında olmaq arzusu ilə yaşayan kənd sakinlərimizin əsas məqsədi bu kənddə yaşamaq, onun gözəl, ibrətamiz adət-ənənələrini, milli-mənəvi dəyərlərini, dövlətə və dövlət başçısına olan köklü sayğılarını yaşatmaqdır.
Biz tam əminik ki, hər gün bir addım da irəli gedən, inkişaf edən dövlətimizin zamanında verdiyi qərarların köməyi ilə gələcəkdə bu yurda gedib-gəlmək imkanları, portal rejimi bir az da asanlaşacaq, həsrətdə və intizarda olan sakinlərimizin ziyarətləri daha da çoxalacaq. Bu isə Böyük Qayıdışı daha da reallığa çevirəcəkdir.
Taleyin acı hökmü ilə ömrünün 30 ilini qürbətdə yaşayan, ömrünün ixtiyar çağında olan, sağlamlıq durumları yaxşı olmayan sakinlərimizin bu dünyada burada yaşamaq qisməti olmasa da, heç olmasa, əbədi məkanlarının burada olması və ruhlarının şad olması üçün onların məzarlarının (Allah gecindən versin) doğma kəndlərində yerləşməsi hər kəsin müqəddəs arzusudur.
Bu işlərdə bizə maddi və mənəvi cəhətdən yaxından kömək edən, zəhməti keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Yaşasın yenilməz millətin qalib ordusu və onun müzəffər Ali Baş Komandanı!
Adil Həmid
Şair-publisist, AJB-nin üzvü