Gündəm
10:21, Bugün
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. Bu tarix təsadüfi seçilməyib. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi milli diplomatiyamızın institusional inkişafının başlanğıcı hesab olunur. Məhz bu tarixi əsas götürərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə hər il 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.
Diplomatiya təkcə dövlətlər arasında münasibətlərin qurulması deyil. Bu, milli maraqların beynəlxalq müstəvidə qorunması, ölkənin mövqeyinin əsaslandırılması, sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində aparılan strateji fəaliyyətdir. Müasir dövrdə diplomatik xidmət dövlətin görünən siması, beynəlxalq nüfuzunun əsas göstəricilərindən biridir.
Azərbaycan diplomatiyası son illərdə ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün müdafiəsi, iqtisadi və siyasi tərəfdaşlıqların genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib. Xüsusilə Vətən müharibəsindən sonrakı mərhələdə həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması, yeni əməkdaşlıq platformalarının yaradılması və regionda dayanıqlı sülhün təşviqi istiqamətində diplomatlarımızın üzərinə böyük məsuliyyət düşür.
Diplomatın uğuru yalnız danışıqlar masasında deyil, həm də ölkəsinin etimadını doğrultmasında, milli maraqları peşəkarlıqla müdafiə etməsində ölçülür. Xarici siyasətdə qazanılan hər bir uğurun arxasında uzun illərin zəhməti, yüksək peşəkarlıq, dövlətə sədaqət və vətənpərvərlik dayanır.
Bu gün Azərbaycan üçrəngli bayrağı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə qürurla dalğalanır. Hər dalğalanan bayraq dövlətimizin müstəqilliyini, xalqımızın ləyaqətini və Azərbaycan diplomatiyasının artan nüfuzunu təcəssüm etdirir. Bayrağımızın beynəlxalq tribunlarda daha uca tutulmasında diplomatlarımızın əməyi danılmazdır.
9 İyul münasibətilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara ölkəmizin milli maraqlarının qorunması naminə şərəfli fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və məsuliyyətli missiyalarında davamlı nailiyyətlər arzulayıram.