Kəlbəcər rayonunun Abdullauşağı kəndinin 77 nəfər sakini, o cümlədən qazilər, şəhid ailəsi üzvləri və kənd ağsaqqalları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları kollektiv müraciətdə doğma kəndlərinin gələcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Kənd sakinlərinin imzası ilə təsdiqlənən müraciətdə əsas diqqət qanunsuz tikinti iddialarına, sakinlərin konstitusion hüquqlarının pozulduğunu düşündükləri hallara və doğma yurdlarına qayıdış prosesində qarşılaşdıqları maneələrə yönəldilib.
Müraciətdə bildirilir ki, Abdullauşağı kənd sakinləri ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına görə minnətdarlıqlarını ifadə edir, şəhidlərə Allahdan rəhmət, qazilərə isə can sağlığı arzulayırlar. Onlar dövlətə və dövlətçiliyə sadiq olduqlarını xüsusi vurğulayaraq, müraciətlərinin yalnız doğma kəndlərinin taleyi ilə bağlı narahatlıqdan irəli gəldiyini qeyd edirlər.
Sakinlərin sözlərinə görə, əsas narahatlıq doğma kəndin gələcəyi ilə bağlı qərarların yerli əhalinin rəyi nəzərə alınmadan verilməsi və bunun onların konstitusion hüquqlarına mənfi təsir göstərməsidir. Müraciətdə iddia olunur ki, kənd sakinlərinin xəbəri və razılığı olmadan qəbul edilən bəzi qərarlar gələcəkdə onların öz doğma yurdlarında məskunlaşmaq hüququnu təhlükə altına sala bilər.
Kollektiv müraciətdə daha sonra qeyd edilir ki, Abdullauşağı kəndinin sakini olmayan bir şəxsin kənd ərazisində vaxtilə ümumi istifadədə olmuş torpaq sahəsində qanunsuz şəkildə 11 kotecdən ibarət istirahət kampı inşa etdiyi iddia edilir. Sakinlər hesab edirlər ki, həmin tikililər ərazinin təbii landşaftına və zəngin bitki örtüyünə ziyan vurmaqla yanaşı, kənd sakinlərinin mülkiyyət və təhlükəsiz ətraf mühitdə yaşamaq hüquqlarına da müdaxilə edir.
Müraciət müəllifləri bildirirlər ki, bu məsələ ilə bağlı etirazlarını ifadə etdikdən sonra müxtəlif təzyiqlərlə üzləşdiklərini düşünürlər. Onların fikrincə, bəzi şəxslər kənd əhalisini haqlı tələblərindən geri çəkindirməyə çalışır. Sakinlər vurğulayırlar ki, 30 ilə yaxın müddətdə doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşayıblar və indi həmin qayıdışın qarşısında süni maneələrin yaradılması onlarda ciddi narahatlıq doğurur.
Müraciətdə Abdullauşağı kəndinin təxminən 1500 illik tarixə malik qədim yaşayış məntəqəsi olduğu xatırladılır. Kənd sakinləri bildirirlər ki, onlar dövlətin müəyyən etdiyi layihələr çərçivəsində öz evlərini belə şəxsi vəsaitləri hesabına tikməyə hazırdırlar. Onların əsas istəyi doğma kəndlərinin öz tarixi ərazisində bərpa olunması və məhz həmin əraziyə qayıdışlarının təmin edilməsidir.
Sakinlər, eyni zamanda, aidiyyəti dövlət qurumlarının qərarlar qəbul edərkən yerli əhalinin rəyini öyrənməsini və nəzərə almasını xahiş edirlər. Onlar hesab edirlər ki, Kəlbəcərin gələcək taleyi ilə bağlı məsələlər kabinetlərdə deyil, yerli insanların hüquqları və qanuni mənafeləri nəzərə alınmaqla həll olunmalıdır.
Kollektiv müraciətdə Prezident İlham Əliyevə ünvanlanan əsas çağırış isə məsələni obyektiv araşdırmaq, aidiyyəti qurumların təqdim etdiyi məlumatları yerində yoxlatdırmaq və Abdullauşağı kənd sakinlərinin hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Müraciətin sonunda kənd sakinləri bir daha dövlətə və Prezidentə sadiq olduqlarını bildirərək vurğulayırlar ki, heç bir qanunsuzluq, özbaşınalıq və ya təxribat onları dövlətçilik mövqeyindən döndərə bilməz. Onlar ən böyük arzularının doğma Abdullauşağı kəndinə qayıdaraq ata-baba yurdlarında yaşamaq və qanunsuz hesab etdikləri tikililərlə bağlı məsələnin qanun çərçivəsində araşdırılması olduğunu bildirirlər.
Qeyd: Yazı ilə birlikdə Kəlbəcər rayonunun Abdullauşağı kəndinin 77 nəfər sakini tərəfindən imzalanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış kollektiv müraciətin tam mətni, eləcə də müraciətdə qeyd olunan vəziyyəti əks etdirən fotoşəkillər ictimaiyyətə təqdim olunur. Məqalə həmin müraciətdə yer alan iddia, narahatlıq və tələblər əsasında hazırlanmışdır.
Firuzə Məzahirqızı
Jurnalist-publisist