Müğənni Elşad Qarayev efirdə səsləndirdiyi vəsiyyəti ilə gündəmə gəlib.
Zekainfo.az-ın məlumatına görə, sənətçi bildirib ki, doğma rayona hər səfərində dünyasını dəyişən qardaşlarının məzarlarını ziyarət edir və həyatın faniliyi barədə tez-tez düşünür.
Onun sözlərinə görə, insan bu dünyadan elə iz qoyaraq getməlidir ki, hər zaman xeyirlə xatırlansın və ona rəhmət oxunsun.
Elşad Qarayev ailəsi haqqında da danışaraq atasının vəfatından sonra böyük qardaşı Manafın ailəyə ata əvəzi olduğunu söyləyib. O qeyd edib ki, səkkiz övladlı ailədə böyüyüblər və hazırda dörd qardaşı həyatdadır.
Müğənni vəsiyyəti ilə bağlı da danışaraq qızı Rəvana və həyat yoldaşına onu qardaşlarının yanında dəfn etmələrini tapşırdığını bildirib. Sənətçi valideynləri və bacısının kənd qəbiristanlığında dəfn olunduğunu xatırladaraq, özünün isə qardaşlarının yanında uyumaq istədiyini vurğulayıb.
İfaçının səmimi etirafları sosial şəbəkələrdə də diqqətdən yayınmayıb. İzləyicilərin bir qismi onun ailə dəyərlərinə verdiyi önəmi yüksək qiymətləndirib, digərləri isə vəsiyyəti ilə bağlı fikirlərini şərh edərək müzakirələr aparıblar.