Üçtərəfli görüş bitdi - YENİLƏNİB

Üçtərəfli görüş bitdi - YENİLƏNİB
Siyasət 08 İyun 2026 - 17:40

8 iyunda Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin onuncu üçtərəfli görüşü keçirilib.

XİN-dən Zekainfo.az-a verilən xəbərə görə, görüşdə çıxış edən nazir Ceyhun Bayramov mövcud beynəlxalq şəraitdə geosiyasi gərginliyin artması, təchizat zəncirlərində yaranan çətinliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda ölkələr arasında siyasi koordinasiya və qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platforma olduğu qeyd edilib.

    Bakıda Parlamentlərin Xarici Əlaqələr Komitələrinin onuncu üçtərəfli görüşünün, Gürcüstanda yeddinci Biznes Forumunun və Ankarada Müdafiə Nazirlərinin sonuncu üçtərəfli görüşünün tərəfdaşlığımızın hərtərəfli və çoxşaxəli xarakter qazandığını nümayiş etdirdiyi vurğulanıb.

    Çıxışda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının regional sabitlik və iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğu qeyd edilərək, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələrin uğurla həyata keçirilməsinin tərəfdaşlığın nəticəyönümlü xarakterini nümayiş etdirdiyi bildirilib.

    Nazir enerji sahəsində əməkdaşlığın üçtərəfli tərəfdaşlığın təməl istiqamətlərindən biri olduğunu qeyd edib. Azərbaycanın hazırda 16 ölkəyə təbii qaz ixrac etdiyi vurğulanaraq, Azərbaycan ilə Gürcüstan arasında təbii qazın alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, eləcə də SOCAR və BOTAŞ arasında “Abşeron” yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilmiş razılaşmanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.

    Nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığa toxunan nazir Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında üç ölkənin mühüm rol oynadığını qeyd edib. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatdırılması və Bakı-Tbilisi-Bakı sərnişin qatarı reyslərinin bərpasının regional mobilliyə əlavə töhfə verəcəyi vurğulanıb. Eyni zamanda, TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsinin regional əməkdaşlığın və etimad quruculuğunun mühüm elementi olduğu bildirilib.

    Çıxışda İKT, yüksək texnologiyalar, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin təhlükəsizlik, terrorizmlə mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, kiber təhdidlər və iqlim dəyişikliyi kimi çağırışlar qarşısında daha sıx koordinasiyanın vacibliyi qeyd olunub.

    Nazir Ceyhun Bayramov Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə ölkəmizin dəstəyini bir daha ifadə edib.

    Nazir Ceyhun Bayramov Azərbaycanın Türkiyə və Gürcüstan ilə üçtərəfli tərəfdaşlığın daha da dərinləşdirilməsi, regionun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı naminə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

    Çıxış zamanı, Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesinə də toxunulub. Azərbaycanın sülh quruculuğu təşəbbüslərinin və etimad quruculuğu tədbirlərinin normallaşma gündəliyinin irəliləməsinə mühüm töhfə verdiyi qeyd olunub. Eyni zamanda, mövcud imkanı qalıcı sülhə çevirmək üçün münasibətlərin tam normallaşmasına mane olan açıq məsələlərin həll edilməsinin vacibliyi vurğulanıb.

    Nazir Yaxın Şərqdə davam edən gərginliklərin regional və qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini qeyd edib, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini diqqətə çatdırıb.

    Görüşdə nazirlər üçtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini və digər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

    Üçtərəfli görüşün yekununda nazirlər tərəfindən üçtərəfli görüşün nəticələrinə dair İstanbul Bəyannaməsi imzalanıb.

    Daha sonra, nazirlər mətbuat konftansında bəyanatla çıxış edib, medianın suallarını cavablandırıblar.

    ***

    15:18

    İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

    Zekainfo.az-ın xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edir. 

      Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

      reklamlar

      Digər xəbərlər