Qurban Bayramı: şəhid analarının qəlbindəki müqəddəs İşıq

Qurban Bayramı: şəhid analarının qəlbindəki müqəddəs İşıq
Cəmiyyət 27 May 2026 - 23:04

Qurban Bayramı təkcə dini bayram deyil. Bu müqəddəs gün insanlığın, mərhəmətin, paylaşmağın, vicdanın və mənəvi bütövlüyün bayramıdır. Dünyanın müxtəlif coğrafiyalarında yaşayan milyonlarla müsəlman bu gün eyni duyğular ətrafında birləşir, eyni duaları edir, eyni müqəddəs hissləri yaşayır. Eyni zamanda bu bayram əsrlər boyu milli-mənəvi dəyərlərini qoruyub yaşadan türk dünyasının da ortaq mənəviyyat körpüsüdür.

Bu bayram süfrəyə qoyulan nemətdən əvvəl qəlbdəki niyyətin, insanlığa olan münasibətin ölçüsüdür. Qurban Bayramı insanın öz nəfsini, eqosunu, biganəliyini qurban verərək mərhəmətə və paylaşmağa yaxınlaşdığı müqəddəs gündür. Xüsusilə də bugünkü qalib Azərbaycanın mənəvi həyatında bu bayramın tamam başqa bir çəkisi və anlamı var.

İllərlə Qarabağ həsrəti yaşayan xalqımız işğalın ağrısını daşıya-daşıya bayramlar keçirdi. O illərdə neçə ana oğul nisgili ilə, neçə ailə doğma yurd yanğısı ilə süfrə başına əyləşirdi. Amma Azərbaycan xalqının iradəsi sınmadı. Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandanın ətrafında birləşən xalqın dəmir yumruğu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına Qarabağ azadlığına qovuşdu. Bu qələbə tarix kitablarına yalnız hərbi uğur kimi deyil, milli ruhun və mənəvi gücün zəfəri kimi yazıldı.

Bu gün azad Qarabağda oxunan bayram dualarında şəhidlərin ruhu yaşayır. Çünki o torpaqlara aparan yol şəhid qanından, qazi fədakarlığından keçdi. Ona görə də Qurban Bayramı günlərində şəhid ailələrini, qazilərimizi, həssas qrupdan olan insanları ziyarət etmək təkcə sosial məsuliyyət deyil, həm də vicdan borcudur. Bayram sevincini paylaşmayan cəmiyyətin mənəvi bütövlüyü tam ola bilməz.

Bu müqəddəs gündə ən çox xatırlanmalı olan müqəddəs ünvanlardan biri də şəhid analarıdır. Vətən üçün canından keçən igidləri dünyaya gətirən o analar xalqın mənəvi ucalığıdır. Şəhid analarının qarşısında baş əymək sadəcə ehtiram deyil, bir millətin öz müqəddəsliyinə verdiyi dəyərin göstəricisidir. O anaların gözündə həm kədərin, həm qürurun, həm də Vətən sevgisinin müqəddəs işığı yanır. Onların əlləri öpülməli, dərdlərinə bəm-dərd olunmalı, tənhalıqları paylaşılmalıdır. Çünki şəhid anasının duası Vətənin mənəvi dayağıdır.

Qurban Bayramı bizə bir daha xatırladır ki, insan olmaq yalnız yaşamaq deyil, yaşadığını paylaşmaqdır. Bir xalqı böyük edən onun sərvəti deyil, dar gündə bir-birinə sahib çıxmaq bacarığıdır. Bu gün süfrəmizdəki ruziyə görə şükür etdiyimiz kimi, azad səma altında yaşadığımız üçün də şəhidlərimizə minnətdar olmalıyıq.

Qoy bu müqəddəs bayram dünyaya sülh, türk və islam aləminə birlik, xalqımıza isə mərhəmət, mənəvi bütövlük və xeyir-dua gətirsin. Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə can sağlığı, şəhid analarına səbir və mənəvi güc arzulayırıq.

Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru

reklamlar

Digər xəbərlər