Cəmiyyət
09:10, Bugün
Azərbaycanın qəhrəmanlıq salnaməsində adını qürurla yaşadan igidlərdən biri də Şahlar Şükürov olmuşdur. O, yalnız döyüş meydanında göstərdiyi mərdliklə deyil, Vətənə bağlılığı, dövlətçilik düşüncəsi və xalqına xidmət amalı ilə də yaddaşlarda silinməz iz qoymuş şəxsiyyətlərdəndir.
Şahlar Əvəz oğlu Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya göz açmışdır. O, uzun illər Kəlbəcər rayonuna rəhbərlik etmiş, çətin və keşməkeşli dövrlərdə xalqının yanında olmuş, rayonu ən son tərk edən rəhbərlərdən biri kimi yadda qalmış Əvəz Şükürovun ailəsində böyümüşdür. Atası kimi, Şahlar Şükürov da dövlətə və xalqa sədaqəti həyat amalına çevirmiş, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə Azərbaycanın müstəqilliyindən əvvəlki dövrdən etibarən böyük inam və bağlılıq göstərmişdir.
1990-cı ilin 11 iyul tarixində Tərtər–Kəlbəcər yolu ilə hərəkət edən avtomobil karvanı erməni silahlı birləşmələrinin hücumuna məruz qaldığı zaman Şahlar Şükürov son nəfəsinə qədər mərdliklə döyüşmüş, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Onun həyat yolu sübut edir ki, dövlətinə sədaqətlə xidmət edən, xalqının taleyinə biganə qalmayan insanlar heç zaman unudulmurlar.
Həmin ağır və qarışıq dövrdə ölkədə hökm sürən hərc-mərclik, siyasi gərginlik və xaos bir çox vətənpərvər insanların taleyinə ağrılı izlər saldı. Şahlar Şükürov da məhz belə mürəkkəb bir zamanda öz xalqının yanında dayanaraq fədakarlıq nümunəsi göstərdi. Onun qorxmazlığı və qətiyyəti namərd gülləsinin hədəfinə çevrilsə də, adı xalqın yaddaşında əbədi yaşamağa başladı.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Şahlar Əvəz oğlu Şükürova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bu ali ad onun Vətən qarşısındakı xidmətlərinə verilən yüksək dövlət qiyməti idi.
Bu gün də Şahlar Şükürovun xatirəsi xalqımızın qəlbində böyük ehtiramla yaşayır. Onun ömür yolu gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik və dövlətə sədaqət nümunəsi olaraq daim örnək qalacaq.
Allah rəhmət eləsin! Vətən uğrunda canını fəda edən Milli Qəhrəmanımız Şahlar Şükürovun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onun keçdiyi şərəfli ömür yolu, göstərdiyi mərdlik və Vətənə sonsuz sədaqəti hər zaman qürurla xatırlanacaq. Ruhu şad, məqamı uca olsun.