Türk dünyasına hüquq və mədəniyyət körpüsü

Türk dünyasına hüquq və mədəniyyət körpüsü
Cəmiyyət 24 Fevral 2026 - 13:33

Ötən ilin aprel ayının 10-da Ankara şəhərində keçirilən Türk Dünyası Vətəndaş Cəmiyyəti Çalıştayında iştirak etdim. Bu toplantı, EkoAvrasiya Vəqfi (Dr. Hikmet Eren, İpək Yolu İctimai Diplomatiya Şurası (Seyfullah Türksöy) və Türksit (Kemal Kurnaz) tərəfindən təşkil olunmuşdu. İştirakçılar arasında, Gürcüstanda yaşayan, hüquqşünas və siyasi arenada önəmli yer tutan Qəzənfər Qaracöplünü tanıdım. Bu tədbir, türk dilində olan xalqları bir araya gətirərək ortaq dəyərlərimizi gücləndirdi.


Bundan sonrakı mərhələdə Qəzənfər Qaracöplü, 2025-ci ilin 11 noyabrında Dünya Ahıskalı Türklər Birliyi ilə Türkiyə Cumhurbaşqanlığı Külliyəsində baş tutan qəbulda, Prezident Ərdoğana bir saz hədiyyə edərək türk mədəniyyətinin simvolik bir jestini göstərdi. Beləliklə, Qəzənfər Qaracöplü təkcə hüquqi bilikləri ilə deyil, həm də milli-mənəvi dəyərlərə sadiqliyi ilə Türk dünyasına xidmət edən bir şəxsiyyət kimi yadda qalır.


Qəzənfər Qaracöplü 1979-cu ildə Gürcüstanın Qaraçöp mahalında dünyaya göz açmışdır. Orta təhsilini doğma bölgəsində başa vurduqdan sonra Tiflis şəhərində hüquq ixtisası üzrə ali təhsil almış, gənc yaşlarından həm milli kimliyinə, həm də yaşadığı dövlətə sədaqəti ilə seçilmişdir. 2001–2008-ci illərdə Tiflis və Qori bölgələrində Gürcüstanın xüsusi təyinatlı hərbi birləşməsində xidmət etmiş, 2004 və 2008-ci illərdə Osetiya istiqamətində baş verən müharibə dövründə ön xəttdə yer almışdır. Səkkiz illik hərbi fəaliyyəti ərzində peşəkarlıq, intizam və döyüş ruhu ilə yadda qalmışdır. 2003-cü ildə Gürcüstanda baş verən siyasi çevriliş zamanı Parlament binası önündə ilk dəfə  bayrağı dalğalandıran da məhz Qəzənfər Qaracöplü olmuşdur.


2016-cı ildə bölgəsində baxımsız vəziyyətdə olan bələdiyyəyə seçilərək yerli özünüidarəetmədə fəal mövqe tutmuş, doğma yurduna bağlılığını əməli fəaliyyəti ilə sübut etmişdir. O, Gürcüstanı özünün əsas yaşayış məkanı və taleyinin ayrılmaz hissəsi kimi sevir, bu bağlılığı hər addımında nümayiş etdirir.


Qəzənfər müəllim eyni zamanda Qaraçöp kəndində fəaliyyət göstərən özəl xəstəxananın direktorudur. Səkkiz ildir xidmət göstərən bu tibb ocağı dəyərli eloğlumuz Polad Əliyevin şəxsi vəsaiti hesabına inşa olunmuşdur. Xəstəxananın yaradılmasında əsas məqsəd bölgə əhalisinin tibbi xidmətə çıxışındakı çətinlikləri aradan qaldırmaq idi. Bu gün müəssisə ambulator xidmət, təcili yardım və pediatriya şöbələri ilə yanaşı, ambulator səviyyədə cərrahiyyə, nevroloji və psixoloji müalicə xidmətlərini də həyata keçirərək xalqımıza layiqli xidmət göstərir.


44 günlük Vətən müharibəsi dövründə isə Qəzənfər Qaracöplü Gürcüstanda keçirilən xeyriyyə aksiyalarının önündə dayanaraq Azərbaycanın haqq işinə həm maddi, həm də mənəvi dəstəyini əsirgəməmişdir. Onun təşəbbüsü ilə Qaraçöp kəndindən 600-dən artıq xırdabuynuzlu heyvan Azərbaycan Ordusuna göndərilmiş, eyni zamanda Gürcüstanda təşkil olunan dəstək aksiyalarında fəal iştirak etmişdir. Bu fəaliyyət bir daha sübut edir ki, harada yaşamasından asılı olmayaraq, milli kimliyinə və Vətəninə bağlılıq onun həyat amalının əsas xəttini təşkil edir.


Türk dünyasına xidmət edən Qəzənfər müəllimlə tanışlığıma çox şadam və əminəm ki, gələcəkdə daha böyük tədbirlərdə yenidən görüşəcəyik. Biz də "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi olaraq, Qəzənfər Qaracöplünün uğurlarına sevinir və gələcəkdə türk dünyası ilə bağlı birgə əməkdaşlıq edərək daha yüksək işlər görməyə hazırıq. Məqsədimiz ortaq dəyərləri qorumaq, türk xalqlarının birliyini möhkəmləndirmək və ortaq gələcəyimiz naminə dəyərli işlərə imza atmaqdır.



Cəmilə ÇİÇƏK

Tədqiqatçı-jurnalist

Zekainfo.az saytının baş redaktoru

reklamlar

Digər xəbərlər