“Ramazan orucu zamanı uzunmüddətli aclıq və susuzluq bəzi xroniki xəstəliklər üçün ciddi risk yarada bilər”.
Zekainfo.az xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Onun sözlərinə görə şəkərli diabetin, xüsusilə insulinlə müalicə olunan formaları risk qrupuna daxildir:
“Tez-tez hipoqlikemiya yaşayan diabet xəstələrində oruc təhlükəli ola bilər. Dərmanlarla çətin tənzimlənən arterial hipertenziya oruc zamanı ağırlaşa bilər. Ürək çatışmazlığı olan xəstələrdə maye balansının pozulması riski yüksəkdir. Bundan əlavə, yaxın zamanda infarkt keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Ürək ritm pozğunluğu olan xəstələrdə elektrolit dəyişiklikləri problem yarada bilər. Xroniki böyrək çatışmazlığı, xüsusilə irəliləmiş mərhələdə olan xəstələr üçün risklidir”.
Mütəxəssis-ekspert bildirib ki, dializ alan xəstələr oruc tutmamalıdır:
“Həmçinin qaraciyər sirrozu olan xəstələrdə aclıq metabolik pozğunluqlara səbəb ola bilər. Aktiv hepatitlər zamanı oruc vəziyyəti ağırlaşdıra bilər, mədə və onikibarmaq bağırsaq xorasının aktiv dövrü risklidir. Xroniki qastrit və reflüks xəstələrində də bu zaman şikayətlər arta bilər. Bronxial astmanın ağır formalarında oruc tutmaq problem yarada bilər. Xroniki ağciyər xəstəliyi olan və oksigenə ehtiyacı olan xəstələr Ramazan ayında ehtiyatlı olmalıdır”.
N.Məhərrəmov vurğulayıb ki, epilepsiya xəstələrində dərman qəbulunun gecikməsi tutmaları artıra bilər:
“Parkinson və digər nevroloji xəstəliklərdə dərman rejimi pozula bilər. Onkoloji xəstələrdə ümumi vəziyyətə görə fərdi qərar verilməlidir. Anemiyası olan insanlarda Oruc tutan zaman başgicəllənmə və ürəkbulanma ola bilər. Hamilələr, yanaşı xroniki xəstəliyi olan qadınlar risk altındadır. Bu səbəbdən hər bir xroniki xəstə üçün oruc tutmaq fərdi şəkildə qiymətləndirilməlidir”.