Mədəniyyət
13:17, Bugün
Həmkarlarımızı tanıyaq
Şərqiyyə xanımın söz meydanında “söz oynatmaq” qeyri-mümkündür
Söz fikrin ifadəsi, dil isə onu səsləndirən vasitədir. Ölməz Söz ustadımız Xəqani Şirvani demişkən: “Ağıl əmr edəni dil bəyan edər”.
Söz haqqında fəlsəfi düşüncəlilərimizi nə qədər çox oxusaq, fikirlərimiz o qədər kamilləşər, müdrikləşər və həm də milliləşər. Milliləşməkdən qorxmayaq.
Şərqin poetik filosoflarından olan Sədi Şirazi isə sözün dəyərini belə vermişdir:
“Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at hədəfdən getməsin əyri”.
Müdriklərimizin hər kəlməsi bir elmin açarıdır. Sözün su kimi lətafətliliyi barədə ulu Nizami Gəncəvinin söylədiyi fikrə həmişə ehtiyacımız olub:
“İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası olmaz,
Çox sözün kərpic tək qiyməti olmaz...”
Yaxud, “Xəmsə”si ilə dünyaya səs salan Nizamimiz Sözümüzə görün daha necə incə yanaşıb:
“Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa nəyə gərək düşüncə”...
Əbu Turxan sözlə şeiriyyətin fəlsəfəsini belə açmışdı:
“Sözün şeriyyəti fikrin şeriyyətinə xidmət etməlidir”.
Fikrimə bir az uzaqdan, daha doğrusu, ustadlarımızdan, klassiklərimizdən, daha dəqiq ifadə etsək, dahi və dühalarımızdan nümunələrlə başlamağım heç də təsadüfi deyil. Söhbət kamil, müdrik, zamanında və yerində (məkanında) deyilən Sözdən gedir, həm də sözün əsl məınasında Sözdən!
Yəqin ki, analarımızın bizə öyrətdiyi ilk kəlmə heç birimizin yadından çıxmaz: Vətən! Ana dilimiz! Dilimizi sevdirən analarla Vətən kəlməsi birləşəndə hər ikisi də əzəmətli olur, çünki bir-birinə sevgi verirlər: Vətən analaşır, Ana Vətənləşir!
Əlində qələmi, dilində mübarək kəlamı olmaq da bir xoşbəxtlikdir. Axı, hər kəsə belə istedad nəsib olmur.
Bu günlərdə bir yaxınımı poetik ovqatla Bakıdan Şəkiyə yola salanda nə desə yaxşıdır:
-Vallah, söz adamları Tanrının daha sevimliləridir haaaa! Mən neçə dəfə oturub düşünmüşəm (o, dil-ədəbiyyat ixtisaslı müəllimdir), ikicə misranı düz-qoş edə bilməmişəm! Hay indi sizin sinəniz doluduur. Nə sual verirəm, şeirlə cavablandırırsınız! Şairlik üçün xüsusi məktəb varmı?!
Əlbəttə, dostum, qonağım yarızarafat-yarıciddi sözünü deyirdi. O, oturub, əllərini alnına dayaq edib nə qədər düşünübsə, bircə beyt yaza bilməyib. Bunun üçün fitrətdən gərək sərvətin olsun. Bunu isə Yaradanımız sözü sevənlərə verir.
Ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində olanlar da belədir: Tanrının sevgisi onlara sözlə verilib. Qafiyəli danışıqlarından hiss olunur ki, söz adamlarıdır.
Azərbaycanlıları heç də ötəri yerə “şair xalq” adlandırmayıblar. Dünya ədəbiyyatı incisinə nəzər saldıqda, qürur hissi keçirməmək olmur. Türk ellərinin söz sovqatlılığına gəlincə onu xüsusi qeyd etməliyik ki, Oğuz boyundan olanların (Dədə Qorqudumuz bunu təsdiqləyir) dili daha lirik, poetikdir. Azərbaycan poeziyasında fikrin nəzmə çəkilməsində dilin şirinliyi ilə yanaşı, onun zənginliyi (klassik aşıq şeir növlərindən olan divani (ustadnamə), təcnis, qoşma, gəraylı, müxəmməs və s.) də diqqəti cəlb edir. Ən çox sinonim, omonim və antonimlər məhz bizim dildədir. Biz hələ cinasları demirik. Azərbaycan dilinin türkdilli xalqların ifadə vasitələri arasında özəlliyi də məhz bunlarla ölçülür. Dilimizin nəğməli, xalqımızın şeirdilli, poetik olması isə bir başqa mövzudur.
İllərdir ki, söz adamları, fikir, düşüncə sahibləri ilə yaxından təmasım, klassik ədəbiyyatımıza marağımdan irəli gəlir. Söz adamları haqqında fikir yürütmək isə heç də asan deyil. Ədəbiyyat adamlarının yaradıcılıq nümunələrini “saf-çürük” etmək, əslində, tənqidçilərin peşə borcudur. Qəlbimə yatan ədəbi nümunələrin müəlliflərini yaxından tanımaq isə, əbəttə, qazancdır. Tarixən yazıçı-şairlərimizi ancaq kitablardan tanıyardıq. Bu gün isə müasir söz adamlarımızla, hətta həmsöhbət olmaq imkanlarımız da az deyil. Sosial media onların ədəbi yaradıcılıq xarakteristikasını oxucuya təqdim edir.
Son 30 ildə belə simalarımızın ədəbi dünyasına boylanmaqdan nəinki zövq almışam, üstəlik, qazancım həm də onların bir çoxları ilə həmsöhbət olmaqdır. Bəlkə də yaradıcılığın haqqında yazdığım qələm adamlarının bir çoxu məni yaxından tanımır. Buna ehtiyac duymamışam.
Mənə elə gəlir ki, hər kəsin şəxs və şəxsiyyətin hansı pilləsində olması barədə fikirə daxili bir ehtiyacı var. Çünki heç də hər qələm adamının ədəbi-bədii yaradıcılıq nümunələri ədəbi tənqidin diqqətini çəkmir. Çünki sözün meydanı geniş, tələblər az (söz azadlığına görə), qələmlilər isə yetərincədir. Hətta elə yazarlarımız var ki, onların yaradıcılığı oxuculara çatdırılmır. Müəllif yaradıcılıq nümunələrini özü nəşr etdirirsə, oxucu qıtlığı şəkməsi təbiidir. Az tirajla nəşr edilən ədəbi nümunələrin auditoriyası da dar olur.
Vaxtilə siyasi publisistika ilə yalnız siyasətçilər məşğul olmuşlar. Məsələn, yazıçı və şairlərimizin siyasi baxışları onların yaradıcılıq nümunələrində əsasən sətiraltı verilirdi. Məsələn, hələ sovetlər dönəmində şair Bəhmən Vətənoğlu yazırdı: “Pul Allah olubdu, Allah amandı!” Əlbəttə belə siyasi düşüncəlilərimizin yaradıcılığı geniş ictimaiyyətdən gizli saxlanar, kitablar nəşr edilməz, fəxri adlardan məhrum olunardılar.
Bu gün isə meydan söz adamlarınındır. Qabiliyyəti olan, istedadlı qələm adamlarımızın yaradıcılığında siyasətlə, iqtisadiyyat, mədəniyyətlə, mənəviyyat paralel şəkildə öz əksini tapmaqdadır.
Belə qələmli söz adamlarından biri də ictimai-siyasi və bədii yaradıcılıq nümunələri ilə diqqətimi çəkən Şərqiyyə Əbülfət qızı Seyidovadır. Hqqqında qısa məlumat verim ki, o, Şəki şəhərində doğulub. Baki Dövlət Universitetinin Jurnalistika və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Uzun müddətdir ədəbi-bədii yaradıcılıqla məşğul olan Şərqiyyə xanımın şeirləri və məqalələri respublika mətbuatında müntəzəm dərc olunub. Əvvəllər "Xatirə kitabı", "Unikal", "Haqqın səsi", "Sabah", "Sahil" qəzeti redaksiyalarında çalışıb.
Muxbirlikdən baş redaktorun müavini vəzifəsinə qedər yüksələn bu qələm adamı Yeni Azərbaycan Partiyasının, AJB və AYB-nin üzvüdür. Ədəbi və jurnalist yaradıcılığına görə, "İti qələm", "Qızıl qələm", "Xalqın nüfuzlu ziyalısı", "Azərbaycan bayrağı", "Xan qızı Natavan", "İlhamlı Azərbaycan", "Xarı bülbül" diplomları ilə təltif olunub.
Şərqiyyə xanım həm də ictimai fəallığı ilə diqqəti cəlb edib. Belə ki, 2020 və 2024-cü illərdə Şəki Kənd birinci seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülüb. "Həqiqət bürcü" qəzetinin, eləcə də “Şanlı Azərbaycan” TV-nin təsisçisi və prezidentidir.
Müəllifi olduğu "Mən həyatda olmayanda", "Sən qabiliyyət nəğməsisən", "Bu xalqa xilas bəxş et", Türkiyə-Azərbaycan - böyük qardaşlıq əlifbası", "Türkiyə-Azərbaycan - bir ürəkdə iki can", "Qoşa gedək bu yolu biz", "Közərən ümidlər", “Tənha canavar", "Sönməyən məhəbbət", "Dərya və dünya", "Böyük Azərbaycanlı", "Azərbaycan torpaqlarının təssübkeşçisi", "Xalqın ümid işığı", "Dövlət bahadırı", "Layiqli davamçı", "Böyük qurucu, dönməz silahdaş", "Vəfa borcu", "Ömürdən ləçəklər", "Sevgi çələngi", "Ömrün zəfər dastanı", "Məni dərdə salıb getdin", "Əsrin dahiləri", "Bir incim", "Günəşim mənim", "Azərbaycanım mənim", "Sən and yerim", "Anam mənim", “Xalqın Mehribanı”, “Birincim”, “Əsrin Dahisi”, “İlhamlı Azərbaycan”, “Zəfər Dastanı”, “Tarix yazan Prezident”, “İlhamlı Şanlı Azərbaycan”, “Dünyaya səs salan Lider”, “Azərbaycanın Xilaskarı”, “Əsrin DAHİ Lideri” və “Dəmir biləkli Qəhrəman“ adlı kitabları sıravi oxucularla yanaşı, ictimai-siyasi xadimlər, yazıçı və şairlərimiz tərəfindən sevilə-sevilə oxunur.
“Xalqıma Zəfər yaşadan Prezidentim” adlı kitabının təqdimatında yazıçının ictimai-siyasi dünyagörüşü, çox istedadlı olması, vətənpərvərliyi haqqında da ətraflı söz açılmışdır.
Adlarını sadaladığım kitabların, əlbəttə, hər biri haqqında xüsusi təqdimata ehtiyac duymadım. Kitabların adları, əlbətttə, mövzusunu və məzmununu özündə ehtiva edir.
Şair-publisist kimi qələmini hər iki janrda sınayan Şərqiyyə xanımın şeiriyyətindəki vətən duyğusu xüsusilə diqqəti cəlb etdiyi üçün, onlardan bəziləri haqqında fikrimi yığcam şəkildə çatdırmaq istərdim.
Yaradanımıza şükranlıq hər birimizin borcudur. Şərqiyyə xanım da qələmi əlinə alıb ilk kəlməsini belə yazıb ki, o da şeirə çevrilib: “Şükür Sənə, Yaradan!”
Günəş durur obaşdan,
Göz qamaşır nurundan.
Həm kənddə, həm şəhərdə
Oxu çıxar kamandan,
Şükür Sənə, Yaradan!
Günlər keçir həyatdan,
Zövq alaq hər anından.
Həm kənddə, həm şəhərdə
Heç çıxmayır yadından,
Şükür Sənə, Yaradan!
Arzu çoxdu, ümid çox,
Duyğu kimi coş, həyat.
Həm kənddə, həm şəhərdə
Cilvələnsin xoş həyat,
Şükür Sənə, Yaradan!
Tale də eşq əhlinə
Əzab deyil, güc verə...
Həm kənddə, həm şəhərdə
Nur yağsın göydən yerə,
Şükür Sənə, Yaradan!
Yuxular şirin ola,
Ərz eləyə mələklər...
Həm kənddə, həm şəhərdə
Çiçək açsın diləklər,
Şükür Sənə, Yaradan!
Qoy heç zaman solmasın
Ümidləri heç kəsin...
Həm kənddə, həm şəhərdə
Şərqiyyə, gəlsin səsin,
Şükür Sənə, Yaradan!
Vətənə övladlıq borcunu unutmayan, hər əsərində onu baş mövzu kimi önə çəkən şairə “Bu sənsən, Vətən!” şeirində həmin fikri daha qabarıq formada verir:
Bizi ana tək əzizlədin,
Başımıza çəkdin çığal.
Əllərinin istisindən,
Gözlərinin işığından
İçimizdə arzular cücərdi
Salxım-salxım.
Bu arzular,
Bu salxım-salxım arzular
Bizi işığa çəkdi.
Bu işığı da sən çəkdin,
Çoxu bilmədi sən kimsən.
Biz bildik,
Bu, sənsən -VƏTƏN!
Belə mövzulu şeirlər şairəmizin yaradıcılıq nümunələri arasında az deyil. Mövzuya yanaşma forması müxtəlif olsa da, Azərbaycanımıza sevgi onun əsas qayəsidir. Bu mənada “Azərbaycanım mənim” şeiri sanki mahnıdır. Bu, həm də Qarabağda tarixi Zəfər çalan Azərbaycanın bəşəriyyətdə qaliblik simvolu olan üçrəngli bayrağımız kimi əzəmətlidir:
Şöhrətin dünya gəzir,
Sən bir padşah, sən vəzir...
Adın düşməni əzir,
Ürəyim, canım mənim,
Azərbaycanım mənim!
Çox tarixlər görmüsən,
Aya çələng hörmüsən!
Saçlarını hörmə sən,
Ürəyim, canım mənim,
Azərbaycanım mənim!
Layiqsən hər taxta sən,
Bax taleyə, baxta sən.
Könül verdin vaxta sən,
Ürəyim, canım mənim,
Azərbaycanım mənim!
Şərqiyyə xanım Əbülfətqızının “Qoşa gedək bu yolu biz” kitabında “Şəkim mənim” şeirindəki səmimilik hər misrada duyulur. Şəkinin xalqımız tərəfindən “lətifələr şəhəri” adlandırılması və təqdim edilməsi heç də təsadüfi deyil. Buradakı folklorumuzun zənginliyi hər addımbaşında özünü şəkililərin söz-söhbətində göstərir. Şairə də bunu nəzmə çəkməkdən qürur duyur:
Lətifələr məskənisən,
Qədim bir tarixin vardır.
Dağlarının başı hər an
Gün əritməz, şaxta, qardır.
Tərtəmizdir havan, suyun,
Bərəkətli çöllərin var.
Yurdu sevən, əzizləyən
Bəxtiyarlı ellərin var.
Yükünün bir parçasıdır,
Bu sevdada yüküm mənim.
Adına yüz nəğmə qoşdum,
Ana yurdum – Şəkim mənim.
Sadə, səmimi etiraf dolu bir təqdimat.
Nəsrində, siyasi, ictimai publisistikasında olduğu kimi, Şərqiyyə xanımın poeziyasında da qəhrəmanlıq mövzusu unudulmur. Vətən Müharibəsi Qəhrəmanı, 1990-cı ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində doğulmuş Bağırlı Qəzənfər Kərim oğluna həsr etdiyi “Yaşayan Qəhrəman” adlı şeirinə nəzər salaq:
Torpaq Vətən üçün ərlər yetirir,
Ərlər bu torpağın cəddidi, şükür!
Torpaq da anadı, Vətən də ana,
Hər igid bir Vətən səddidi, şükür!
...O gün Qəzənfər də bir igid kimi
Silaha sarıldı Vətən naminə.
Yağılar dözmədi sərt savaşlarda
Onun gözündəki nifrətə, kinə.
Döyüşdə düşməni kül elədi o,
Ona heyran oldu özü də, Vətən.
Bağırlı Qəzənfər Kərim oğlunun
Andı da Vətəndi, sözü də Vətən.
Düşməni ram etdi yalın əl ilə,
Topu, tüfəngi də əlləri oldu.
Onu hər döyüşdə alqışa bükən
Arxa söykədiyi elləri oldu.
Yaşayan qəhrəman deyirlər ona,
O, aşmaz, yıxılmaz çəpərdi yenə.
O, Vətən uğrunda nələrdən keçdi,
O, yağı düşmənə sipərdi yenə.
Vətən savaşında bu cəsur igid
Canı Vətən üçün etmişdi ehsan.
O, qorxu bilmədi, getdi irəli...
Xalqın bu qəhrəman oğluna əhsən!
Əlbəttə, bu qədər kitablar, bir-birindən dəyərli şeirlər müəllifinin yaradıcılıq yolunu bir məqaləyə sığışdırmaq mümkün deyil.
Sonda yenə də əvvələ qayıdıb deyək ki, SÖZ, doğrudan da onun sahibinin əlində, dilində həm silahdır, həm də məlhəm. Sözlə bəşəriyyətə sevgi paylayan, yayan Azərbaycanımızın qələm adamları da öz mübarizələrini bu yolla aparırlar. Xalqımızın milli sərvəti olan müdriklik, kamillik onun ədəbi-bədii sözündə bundan sonra da zaman-zaman adını yaşadacaq.
Bu yolda Şərqiyyə xanıma da yaradıcılıq uğurları diləyi ilə:
Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı publisist, “Yenilik-press” qəzetinin təsisçisi və Baş redaktoru, Ç.Aytmatov beynəlxalq mükafatın laureatı