Epşteyn faylları və Qərbin “yumşaq güc” mifinin çatlaması

Epşteyn faylları və Qərbin “yumşaq güc” mifinin çatlaması
Gündəm 10 Fevral 2026 - 09:35
Ceffri Epşteyn işi ətrafında açıqlanan sənədlər Qərbin illərlə milyardlarla dollar sərf edərək formalaşdırdığı “yumşaq güc”, “mənəvi üstünlük” və “etik liderlik” narrativlərini ciddi şəkildə sual altına aldı. Bu fayllarda adı keçən şəxslərin mövcudluğu cəmiyyət üçün bir daha göstərdi ki, problem təkcə fərdlərlə deyil, bütöv bir sistemin özünü qoruma mexanizmləri ilə bağlıdır.
Sənədlərdə adların çəkilməsi avtomatik olaraq hüquqi günah anlamına gəlməsə də, məsələ bundan daha dərindir, illərlə toxunulmaz sayılan elitaların ətrafında formalaşmış sükut, görməzlik və hesabat verməmək mədəniyyəti ifşa olundu. Media, siyasət, maliyyə və şou-biznes dairələrinin kəsişdiyi bu qaranlıq zona “dəyərlər ixracı” adı ilə təqdim edilən imicin nə qədər kövrək olduğunu üzə çıxardı.
Epşteyn faylları göstərdi ki, insan haqları, demokratiya və əxlaq mövzularında dünyaya dərs keçən mərkəzlərin öz daxilində ciddi etik boşluqlar mövcuddur. Burada əsas məsələ adlar yox, həmin adların illərlə toxunulmaz qalmasına imkan verən sistemdir.
Bu proses bir həqiqəti açıq şəkildə ortaya qoydu: əgər güc şəffaflıq və məsuliyyətlə müşayiət olunmursa, istənilən “yumşaq güc” mifdən o yana keçmir. Fayllar açıldı, suallar yarandı və artıq bu sualları susdurmaq əvvəlki qədər asan deyil.
Cəmilə ÇİÇƏK
reklamlar

Digər xəbərlər