Kəlbəcərdən süzülən söz işığı: İlham Məmmədlinin ömür və elm yolu

Kəlbəcərdən süzülən söz işığı: İlham Məmmədlinin ömür və elm yolu
Cəmiyyət 10 Fevral 2026 - 09:34
Bəzən elə dövrlər olur ki, ədəbiyyatşünaslıq təkcə elmi metodlara deyil, həm də mənəvi dayağa, vicdanlı mövqeyə, səssiz məsuliyyətə ehtiyac duyur. Belə zamanlarda adları çox hallanmayan, amma çəkisi hər zaman hiss edilən ziyalılar meydana çıxır. İlham Məmmədli məhz bu qəbildən olan söz və elm adamıdır.
Kəlbəcər bizim üçün sadəcə bir coğrafi ad deyil. O, yaddaşdır, ruhdur, xarakterdir. Daşına-dağına hopmuş dözüm, təmkin və mərdlik bu torpaqdan çıxan insanların sözünə də, davranışına da köçür. İlham Məmmədli həmin mənəvi məktəbin yetirməsi kimi, elmi fəaliyyəti və ziyalı mövqeyi ilə bu ruhu yaşadan simalardandır. Onun sözü heç vaxt gurultulu olmayıb, lakin hər zaman ölçülü, məsuliyyətli və yerində olub.
Mənim üçün qələm sadəcə peşə aləti deyil – ötürülən bir əmanətdir, mənəvi mirasdır. Bu yol Kəlbəcərdə “Yenilik” qəzetinin redaksiyasında çalışan dəyərli ziyalı Məhəmməd Nərimanoğlunun yanında başlayıb, universitet illərində mərhum Hidayət Elvüsalın xeyir-duası ilə davam edib. Lakin elmi düşüncəmin formalaşmasında, sözə münasibətimin dərinləşməsində İlham müəllimin rolu xüsusi olub.
Onun çalışdığı “Bütöv Azərbaycan” qəzetində yazılarım hər zaman diqqətlə qarşılanıb, dilimə qadağa yox, məsuliyyət gətirilib. “Olmaz” deyən yox, “daha yaxşısı mümkündür” düşüncəsini aşılayan bir yanaşma ilə qarşılaşmışam. Sonralar kitablarımın nəşri ərəfəsində aldığım səmimi məsləhətlər, işığa doğru yönəldən sakit tövsiyələr bu yolun davamlılığında mənə dayaq olub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı elmi fəaliyyəti də İlham Məmmədlini yalnız tədqiqatçı kimi deyil, həm də müəllim kimi tanıdır. Çünki elm yalnız fakt toplamaq deyil, məsuliyyət bölüşməkdir. Gənc qələm sahiblərinə verdiyi səmimi məsləhətlər, təmkinli mövqeyi və insanı incitməyən tələbkarlığı onun ziyalı obrazını daha da bütövləşdirir.
Doğum gününüz münasibətilə Sizə sağlam ömür, elmi yaradıcılıqda davamlılıq və sözə sədaqət arzulayırıq. Qələminiz işıq saçsın, yolunuz aydın olsun. Azərbaycan ədəbiyyatının Sizin kimi səssiz, lakin dərin düşünən, vicdanla yazan alimlərə hər zaman ehtiyacı var.
Cəmilə ÇİÇƏK
tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər