Cəmiyyət
11:21, Bugün
Bəzən bir toy məclisi sadəcə ailə sevinci olmur. Bəzən o süfrə illərin ağrısını, fədakarlığını, susaraq danışan qəhrəmanlığı bir araya gətirir. Qazi ömrünün, Qarabağ nisgilinin və milli ləyaqətin bir nöqtədə qovuşduğu anlara çevrilir. “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, I Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ və torpaq uğrunda görmə qabiliyyətini itirmiş Qazi Firudin Məmmədovun oğlu Əlinin xeyir işi məhz belə bir mənəvi zirvədə baş tutdu.
Bu toy təkcə bir ata üçün övlad sevincinin tacı deyildi. Bu toy, sağlamlığını Vətən yolunda qoymuş, Qarabağ uğrunda döyüşərək qazi adına ucalmış yüzlərlə Azərbaycan oğlunun səssiz fəryadının, eyni zamanda sınmayan ruhunun təcəssümü idi. Firudin müəllimin qaranlığa bürünmüş gözləri, əslində Qarabağın ağrı-acısını, işğal illərinin yanğısını daşıyır. O bu görmə qabiliyyətini həyatın təsadüfi bir dönəmində yox, məhz torpaq naminə, Vətən uğrunda itirib.
Bu məclisdə iştirak etmək mənim üçün təkcə dəvət yox, mənəvi borc idi. Xoş bir təsadüf nəticəsində, Kəlbəcər ziyalısı, I Qarabağ müharibəsinin iştirakçısı, ömrünü Qarabağ qazilərinin, əlillərin dərdinə şərik olmağa həsr etmiş Xalid Sadıqovun – Xalid doktorun səmimi dəvəti ilə bu müqəddəs süfrənin qonağı oldum. Onun ziyalılığı, xeyirxahlığı, qazilərə olan sədaqəti və insani münasibəti bu məclisə ayrıca dəyər qatdı. Xalid doktor kimi insanlar Qarabağ müharibəsinin görünməyən, amma ən ağır yükünü daşıyan simalardır.
Bu toyda iştirak edən hər bir Qazi – sağlamlığını, gəncliyini, bəziləri isə ömürlük fiziki imkanlarını Qarabağ uğrunda itirmiş oğullarımız – Azərbaycan tarixinin canlı vicdanıdır. Onların susqun baxışlarında bütöv bir müharibənin ağrısı, eyni zamanda qüruru var.
Bu məqamda bir həqiqəti xüsusi vurğulamaq mənəvi borcdur: bu gün Qarabağın azad olunması, o torpaqlarda üçrəngli bayrağımızın dalğalanması məhz belə oğulların çəkdiyi iztirabların, tökdüyü qanların, itirdiyi sağlamlıqların haqqıdır. Dövlət başçımıza Qarabağı azad edərək bu qeyrətli oğulların, qazilərimizin qisasını aldığı, onların haqqını tarix önündə bərpa etdiyi üçün dərin təşəkkürümüzü bildiririk.
Firudin müəllim bir ata kimi bu gün oğlu Əlinin toy sevincini yaşasa da, bu sevincin kökündə illərin ağrısı, qaranlıqda qalan gözlər və işğal nisgili dayanır. Amma məhz bu ağrıdan doğan ləyaqət, bu fədakarlıqdan doğan qürur Azərbaycanı ayaqda saxlayan əsas dəyərlərdəndir.
Firudin Məmmədova ailə səadəti, oğlu Əliyə xoşbəxt və nurlu ömür arzulayır, bu mənalı görüşə və səmimi dəvətə görə dəyərli ziyalı Xalid doktora təşəkkürümü bildirirəm. Belə məclislər unudulmur — çünki burada toyla yanaşı, Vətənə verilən and da yenilənir.