Azərbaycan Respublikası sosial dövlət modelini öz inkişaf strategiyasının əsas sütunlarından biri kimi müəyyənləşdirib. Həssas sosial qrupların – xüsusilə əlillərin, xəstələrin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin müdafiəsi yalnız normativ sənədlərdə deyil, real idarəetmə praktikasında da ardıcıl və fasiləsiz şəkildə təmin olunmalıdır. Sosial siyasətin effektivliyi məhz bu nöqtədə – insan talelərində ölçülür.
Təəssüf ki, Mərdəkan Reabilitasiya Pansionatında yaşanan hadisələr bu prinsipin icra mexanizmlərində ciddi boşluqların mövcud olduğunu açıq şəkildə ortaya qoyur. Qış mövsümü boyunca istilik sistemi olmayan bir reabilitasiya müəssisəsində əlillərin saxlanılması nə texniki problem, nə də sıradan təsərrüfat məsələdir. Bu, birbaşa humanitar risk, sosial məsuliyyətsizlik və idarəetmə səhlənkarlığıdır.
Məsələ ictimailəşdirildikdən sonra problemin köklü həlli əvəzinə, zahiri görüntü yaradıldı: istilik sistemi yalnız gündüz saatlarında işə salındı, gecə isə tamamilə dayandırıldı. Bu yanaşma real həll deyil, diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyildi. 17 yanvar tarixindən etibarən istilik axşam saatlarında tam kəsildi, 18 yanvarda isə gündüz də verilmədi. Beləliklə, “bərpa” adı altında təqdim olunan addımların formal və müvəqqəti xarakter daşıdığı tam aydın oldu.
Daha ciddi narahatlıq doğuran məqam isə qazanxananın qəzalı və təhlükəli vəziyyətdə istismara verilməsi ilə bağlı məlumatlardır. İşçi heyətinin həyatının risk altına atılması, illik yoxlama aktları ilə məsuliyyətdən yayınma cəhdləri sosial idarəetmədə nəzarət mexanizmlərinin zəifliyini göstərir. Bu isə artıq lokal problem deyil, sistemli idarəetmə böhranının əlamətidir.
Nəticə etibarilə, qanuni qəyyumluğumda olan I dərəcəli əlil qardaşımı reabilitasiya kursu başa çatmamış, çıxarış sənədinin ilk gününü belə gözləmədən müəssisədən çıxarmağa məcbur oldum. Tibb işçilərinin “axşam yeməyini yesin, sonra çıxarın” çağırışına baxmayaraq, soyuq şəraitdə onun orada qalması mümkün deyildi. Açıq şəkildə bildirdim ki, bu şəraitdə məsuliyyəti üzərimə götürə bilmərəm.
Qardaşımı taksi ilə evə apararkən, yolumuzun uzunluğu səbəbilə müvəqqəti olaraq bir restoranda dayandıq. Orada ona isti yemək və çay alaraq reabilitasiya mərkəzinin soyuq divarlarının yaratdığı fiziki və mənəvi əziyyəti heç olmasa qismən azaltmağa çalışdım. Paradoks ondadır ki, aidiyyəti dövlət qurumunun göstərə bilmədiyi qayğını həmin məkanda musiqi ifa edən bir xanım öz səmimi ifası ilə nümayiş etdirdi. Onun səsləndirdiyi “Kəlbəcər” mahnısı qardaşımın soyuqdan donmuş əllərinə sanki bir anlıq şəfa oldu.
Bu hadisə təkcə bir ailənin yaşantısı deyil. Bu, minlərlə əlilin hər an qarşılaşa biləcəyi təhlükənin simvoludur. Sual açıq qalır: bu insanların hüquqlarını kim və necə qoruyur? Qazanxana nə vaxt əsaslı şəkildə təmir olunacaq? Niyə aidiyyəti qurumlar problemi kökündən həll etmək üçün operativ və səlahiyyətli komissiya ayırmır?
Əgər sosial müəssisələrdəki həyati əhəmiyyətli problemlər yalnız ictimai təzyiqdən sonra müvəqqəti addımlarla “həll” edilirsə, bu halda nəzarət idarəetmənin səmərəliliyi ciddi sual altına düşür. Dövlət başçısı ölkənin sosial strategiyasını müəyyən edir, lakin bu strategiyanın icrası konkret qurumların və onların rəhbərlərinin birbaşa məsuliyyətidir. Sosial sahədə rəhbər vəzifə daşıyan şəxslər formal hesabatlarla deyil, real nəticələrlə ölçülməlidir.
Bu yazının məqsədi ayrı-ayrı faktları sadalamaq deyil, bir sistemi silkələməkdir. Əlillərin sosial problemləri epizodik reaksiya ilə deyil, davamlı, təhlükəsiz və sistemli həll yolları ilə aradan qaldırılmalıdır. Sosial dövlət anlayışı soyuq divarlar arasında deyil, məsuliyyətli idarəetmədə, insan ləyaqətinə hörmətdə formalaşır.
Ümid edək ki, bu hadisə təkcə növbəti fakt kimi deyil, ciddi bir dərs kimi qiymətləndiriləcək. Dərs ki, sosial məsuliyyət kampaniya xarakterli addım deyil, daimi və ölçülə bilən dövlət öhdəliyidir.
Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru